
Yemə pozuntuları qida ilə münasibətin davamlı şəkildə pozulması, yemə davranışına nəzarətin itməsi və ya qidanın həddindən artıq məhdudlaşdırılması ilə xarakterizə olunan psixi pozuntulardır. Bu pozuntular insanın fiziki sağlamlığı ilə yanaşı, emosional tarazlığına, sosial münasibətlərinə və gündəlik funksionallığına ciddi zərər vurur.
Əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:
- qida ilə bağlı obsesiv düşüncələr,
- bədən çəkisi və görünüşü ilə həddindən artıq məşğul olma,
- günahkarlıq və utanc hissi ilə müşayiət olunan yemə davranışları,
- öz bədənini təhrif olunmuş şəkildə qavrama.
Ən çox rast gəlinən yemə pozuntularına aşağıdakılar daxildir:
Kompulsiv həddindən artıq yemə pozuntusu (Binge Eating Disorder), nəzarətsiz yemə epizodları ilə xarakterizə olunur. Şəxs tox olsa belə yeməyə davam edir və sonrasında güclü psixoloji narahatlıq yaşayır. Bu vəziyyət zamanla özünə hörmətin azalmasına və emosional problemlərin dərinləşməsinə səbəb olur.
Bulimiya nervoza, həddindən artıq yemə epizodları ilə yanaşı, çəki artımının qarşısını almaq üçün kompensator davranışlarla (qusma, aclıq, həddindən artıq fiziki aktivlik) müşayiət olunur. Çəki göstəricisi çox zaman problemin ciddiliyini əks etdirmir.
Anoreksiya nervoza, qidanın ciddi şəkildə məhdudlaşdırılması, intensiv kökəlmə qorxusu və bədən obrazının təhrif olunması ilə xarakterizə olunur. Bu pozuntu psixi xəstəliklər arasında ən yüksək ölüm riskinə malik olanlardan biridir.
Digər dəqiqləşdirilmiş yemə pozuntuları (OSFED).Bu kateqoriyaya diaqnostik meyarlara tam uyğun gəlməsə də, klinik baxımdan ciddi funksional pozuntular yaradan hallar daxildir. Praktikada ən çox rast gəlinən yemə pozuntuları məhz bu qrupa daxildir.
Yemə pozuntularının erkən tanınması və vaxtında müdaxilə edilməsi həyat xilas edə bilən həlledici amillərdəndir. Bu pozuntularla mübarizədə ən vacib addım problemin ilkin mərhələlərdə fərq edilməsidir. Yemə vərdişlərində qəfil dəyişikliklər, qida ilə bağlı davranışların pozulması, eləcə də bədən və çəki haqqında həddindən artıq və davamlı düşüncələr ciddi xəbərdarlıq siqnalları hesab olunur. Buna görə də ailə və məktəb mühitində düzgün maarifləndirmə aparılması, sağlam qidalanma anlayışının və müsbət bədən imicinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda nəzərə almaq lazımdır ki, yemə pozuntuları yalnız çəkiyə nəzarət etməklə aradan qaldırıla bilməz; psixoloq, psixiatr və ya klinik dietoloq tərəfindən göstərilən peşəkar psixoloji və emosional dəstək müalicə prosesinin əsasını təşkil edir. Ailə və yaxın çevrənin anlayışlı, səbirli və davamlı dəstəyi sağalma prosesini gücləndirir, stressin düzgün idarə olunması, sosial aktivliyin qorunması və qida ilə balanslı münasibətin qurulması isə bu prosesin davamlı və sağlam şəkildə irəliləməsinə kömək edir.
Nigar Həsənli
Tags: Yemə pozuntuları Anoreksiya nervoza Bulimiya nervoza Binge Eating Disorder Psixoloji sağlamlıq Psixoloji rifah Kompulsiv yemə davranışı Psixoloq dəstəyi Peşəkar müdaxilə Sağlam qidalanma Sağlam qidalanma vərdişləri Səssiz psixi problemlər Qida ilə münasibət Emosional yemək Erkən əlamətlər Stress və yemək Sağlam həyat tərzi Bədən imici və sağlamlıq Ailə dəstəyi Psixoloji balans

Write a comment