3098 0 comments
İpoxondrik sindrom - əsassız olaraq özünü xəstə hesab etmək, müxtəlif orqanlarda ağrıların və digər patoloji halların olmasından şikayətlənmək kimi əlamətlərlə təzahür edir. Yəni ipoxondrik sindrom Təşviş və həyəcan fonunda öz sağlamlığı haqqında daim narahat olduğunu bildirməklə təzahür edir.
Xəstələr müxtəlif ixtisas həkimlərinə müraciət edərək mövcud olmayan xəstəliklərinin tapılmasını tələb edirlər. Belə xəstələr bəzən, hətta cərrahi müdaxilə etdirərək orqanlardakı «çatışmazlığı» ləğv etməyə çalışırlar. Bu sindrom somatoform pozuntularda, mərkəzi sinir sisteminin üzvi xəstəliklərində, şizofreniyanın bəzi klinik variantlarında rast gəlinir.
Xəstəliyin yaranmasına keçmişdə zorakılığa məruz qalma, uşaq vaxtı keçirilmiş ciddi xəstəlik, hiss və duyğularını ifadə edə bilməmək, ailədə ipoxondriyalı üzvün olması və xəstənin həmin halı uşaqlıqda müşahidə etməsi, daimi fiziki yüklənmə və sinir krizləri kimi hallar təkan verir.
Heç bir ciddi patoloji əlamət olmadan özünü xəstə hesab edən belə şəxslər tibb müəssisələrinin, mütəxəssislərin daimi pasiyentləri olurlar. Onları hər vasitə ilə inandırmağa çalışan həkimlərə çox az etimad edirlər. İpoxondriya ifadəsi xəstəliklərin çox geniş spektrini əhatə edir.
İpoxondriyanın ən mühüm xüsusiyyəti, insanın bədən hadisələrini (ürək döyüntüsü kimi) yanlış şərh etməsi ilə artan xəstəlik və ya xəstələnmək qorxusudur. İpoxondriya olan insanlar xəstəlikdən və xəstələnməkdən çox qorxurlar. Xəstə olmaq qorxusu insanların həyatlarını xeyli məhdudlaşdırmasına səbəb olur. Bu qorxu ilə yanaşı ağrı, əlillik, əzab və ölüm qorxusu gəlir. Bu qorxu adətən şüursuz bir qorxu deyil, müəyyən xəstəliklər haqqında bilik artdıqca getdikcə güclənən qorxudur. Onların gündəlik fəaliyyətlərində xəstəlik qorxusu üstünlük təşkil edir və bu, onların sosial münasibətlərinə mənfi təsir göstərir.
İpoxondrik pasiyentləri yalnız bir yolla müvəqqəti razı salmaq mümkündür, onlara diaqnoz qoyub, ciddi müalicəyə və ya cərrahi müdaxiləyə icazə vermək. Bu isə heç bir mütəxəssisi razı sala bilməz. ABŞ - da qəbul edilmiş diaqnostik kriterilərə görə ipoxondriyanın diaqnozu aşağıdakı göstəricilərə əsaslanmalıdır:
Özünü ağır, çətinsağalan və ya sağalmayan xəstə hesab etməklə daim qorxu və inamsızlıq hissləri ilə yaşamaq
Aparılan müayinələrin heç bir ciddi xəstəlik aşkar etməməsinə baxmayaraq mütəxəssislərin sözlərinə inanmamaq, müayinə üçün təkrar müxtəlif mütəxəssislərə müraciət etmək meyili
Xəstəliyin davamiyyət müddəti 6 aydan çox olduğu hallarda.
İpoxondriya sindromunun geniş yayıldığını sübut etməyə ehtiyac yoxdur. Xəstəliyin təsadüf etməsi əsasən 40–50 yaşlarda daha çoxdur. Qadınlar və kişilər eyni dərəcədə ipoxondriyadan əziyyət çəkirlər. İpoxondriyanın meydana çıxmasında etioloji faktor kimi irsi amillərə və uşaq yaşlarında keçirilmiş xəstəliklərə daha çox əhəmiyyət verilir. Ətrafdakılara qarşı aqressivlik, düşmənçilik hissi yüksək olan şəxslərin daha tez - tez ipoxondriyaya tutulma faktı mütəxəssislər tərəfindən xüsusi vurğulanır.
PSİXOLOQ ÜLKƏR BAĞIRZADƏ
Tags: Psixoloq psixologiya merkezi humel psixologiya merkezi ipoxondriya psixoloji məqalə İpoxondriya sindromu
Write a comment