+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Xəyanət Bir Seçimdir?

By Aişə Musayeva - 3 Mar 2025 289 0 comments
Xəyanət Bir Seçimdir?

 

     Xəyanət uzun illərdir insanlar arasında müzakirə olunan, münasibətləri sarsıdan və dərin emosional yaralara səbəb olan bir mövzudur. Bəziləri xəyanəti emosional boşluğun nəticəsi, bəziləri isə qarşısıalınmaz bir instinkt kimi qiymətləndirir. Lakin reallıq budur ki, xəyanət bir instinkt deyil, tamamilə şüurlu bir seçimdir.

Xəyanət hansı səbəbdən baş verir?

     Xəyanət bir çox fərqli səbəblərdən qaynaqlana bilər. İnsanlar münasibətlərində sevgi, diqqət və qayğı çatışmazlığı hiss etdikdə, həyəcan axtarışında olduqda və ya sadəcə dəyər və prinsiplərini gözardı etdikdə xəyanətə yönələ bilərlər. Lakin bu səbəblər xəyanəti haqlı çıxarmır. Çünki münasibət içində hər hansı bir narazılıq və ya problem varsa, bunu həll etməyin başqa yolları da var – ünsiyyət qurmaq, terapiya almaq və ya münasibəti sağlam şəkildə bitirmək.

İnstinkt, Yoxsa Şüurlu Seçim?

     Bəzi insanlar xəyanətin təbiətdən gəldiyini, insanın poliqam (çoxpartnyorlu) bir varlıq olduğunu iddia edirlər. Lakin insanlar heyvanlardan fərqli olaraq iradəyə və mənəvi dəyərlərə sahibdirlər. Sevgi və bağlılıq olan bir münasibətdə xəyanətə yol vermək təkamülün nəticəsi deyil, şəxsi dəyərlərin və seçimlərin göstəricisidir. Bir insan xəyanət edərkən seçim edir – o, qarşısına çıxan fürsəti ya rədd edir, ya da qəbul edir. Sadiqlik və etibar instinklərdən çox dəyərlərlə bağlıdır.

     Xəyanət sadəcə bir anlıq həyəcan və ehtiras deyil, uzunmüddətli emosional və psixoloji zərərlə nəticələnən bir davranışdır. Bu zərərlərə qısaca nəzər yetirək :

  • Münasibətlərin dağılması – Xəyanət çox vaxt münasibətlərin bitməsinə səbəb olur. Əgər bağışlanma olsa belə, əvvəlki kimi güvən və səmimiyyətin bərpa edilməsi çətin olur.
  • Güvənin sarsılması – Bir dəfə xəyanətə uğrayan insan gələcək münasibətlərdə qarşısına çıxan digər insanlara da güvənməkdə çətinlik çəkir.
  • Emosional travmalar – Xəyanətə məruz qalan insan özünü dəyərsiz və tərk edilmiş hiss edə bilər. Bu, depressiya və özgüvən itkisinə səbəb ola bilir.
  • Özünü günahlandırma – Aldadılan şəxs xəyanətin səbəbini çox vaxt özündə axtarmağa və “mənim səhvim üzündən xəyanət baş verdi” deyə özünü günahlandırmağa başlayır. 

Münasibətlərdə xəyanətin baş verməməsi üçün nə edə bilərik?

     Xəyanətin qarşısını almaq üçün hər iki tərəfin münasibətdə üzərinə düşən məsuliyyəti dərk etməsi vacibdir:

  • Açıq və dürüst ünsiyyət – Narazılıqları və problemləri gizlətmək əvəzinə açıq şəkildə müzakirə etmək vacibdir. Hər iki tərəf bir-birinin duyğularını dinləməyə və anlamağa cəhd göstərməlidir.
  • Emosional ehtiyacların qarşılanması – Hər iki tərəf bir-birinin emosional və fiziki ehtiyaclarına diqqət yetirməlidir.
  • Şəxsi dəyərlərə və prinsiplərə sadiq qalmaq – Xəyanət bir insanın xarakterini və mənəvi dəyərlərini göstərir. Əgər bir insan özü üçün müəyyən dəyərlər müəyyənləşdiribsə, bu dəyərlərə zidd ola biləcək davranışlardan uzaq duracaqdır.
  • Münasibətə dəyər vermək – Sevgi və güvənin qorunması üçün cütlüklər münasibətlərinə vaxt və enerji sərf etməlidirlər. Kiçik jestlər, sürprizlər və birlikdə vaxt keçirmək münasibəti gücləndirir.

     Xəyanət təsadüfi bir səhv və ya qarşısıalınmaz bir instinkt deyil. Bu, hər bir insanın verdiyi şəxsi bir seçimdir və bu seçimin nəticələrini də özü daşımalıdır. Əgər bir münasibətdə xoşbəxt deyilsinizsə, xəyanət etmək əvəzinə bu problemi açıq şəkildə müzakirə etmək və ya münasibəti bitirmək daha dürüst bir yanaşma olar. Seçimlərimiz bizə kim olduğumuzu göstərir - xəyanəti seçənlər sadəcə bir münasibəti deyil, öz dəyərlərini də riskə atmış olurlar. Unutmayaq ki sağlam münasibətlər təsadüf nəticəsində deyil, qarşılıqlı səy və anlayışla qurulur.

 

Psixoloq Aişə Musayeva

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!