Vaginizm - qadının özündən asılı olmayaraq əzələlərinin (ayaq, çanaq dibi, vaginal əzələlər) eləcə də bütün bədəninin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmadığı cinsi ağrı pozuntusudur.
- Vaginizm bir çox psixoloji səbəbin nəticəsində inkişaf etmiş ola bilər. Vaginizmin səbəbləri keçmişdə xoşagəlməz cinsi təcrübə və ya təhtəlşüura həkk olunan qorxularla əlaqəli ola bilər.
- Psixoloji səbəblər arasında uşaqlıqdan gələn qorxular, sərt əxlaqi qaydalar, ictimai nəzarət və tabular, təhtəlşüurda günah, utanc kimi məfhumların, ilk cinsi təcrübə haqqında yalan məlumat və qərəzlərin yeridilməsi psixoloji səbəblər arasındadır.
Bundan əlavə, uşaqlıqda yaşanan neqativ təcrübələr və xatirələr (təcavüz, məişət zorakılığı, sərt valideyn münasibətləri) də vaginizmə səbəb ola bilər.
Xüsusilə qərb ölkələrində keçmişdə bəzi cinsi qısnama və zorakılıqlar vaginizmin ən çox görülən səbəbi kimi qəbul edilir. Ölkəmizdə isə vaginizmin yaranmasında cinsi tabular, mədəni, əxlaqi səbəblər daha çox önə çıxır.
Əvvəllər heç vaxt vaginizm problemi olmayan insanlarda da neqativ təcrübələr (doğuş, abort, kobud ginekoloji müayinə və s.) nəticəsində vaginizm inkişaf edə bilər.
- 90% hallarda vaginizm psixoloji səbəblərdən qaynaqlanır. 10% isə organik səbəblərə əsaslanır. Buna görə ilk öncə ginekoloji müayinə aparılmalıdır. Vaginizmin orqanik (üzvi) səbəbləri bir ginekoloq tərəfindən dərman vasitəsi ilə və ya sadə əməliyyatla həll edilə bilər. Bu yolla psixoloji müalicəyə ehtiyac qalmadan problem aradan qalxacaq.
- Müasir elmi yanaşmada vaginizmin müalicəsi cinsi terapiyadır. Vaginal girişdəki sıxılma gel istifadəsi, alkoqol qəbulu, psixoaktiv maddə istifadəsi, yuxuda cinsi əlaqə ilə, hamiləliklə, lokal anesteziya tətbiqləri ilə yox olmur. Qızlıq pərdəsi ilə heç bir əlaqəsi olmadığı üçün qızlıq pərdəsinə edilən müdaxilələrlə müalicə olunmur. Əksinə, bu cür müdaxilələr qadında əlavə travma yaradır.
Psixoterapiyada (cinsi terapiya) qadının öz anatomiyası haqqında məlumatlar alması, yerləşmiş funksional olmayan inanclar üzərində iş və uyğun ev tapşırıqları ilə müalicə aparılır.
Write a comment