+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Travma insanı yaxşı və ya pis insan edə bilərmi?

By Aişə Musayeva - 21 Aug 2025 66 0 comments
Travma insanı yaxşı və ya pis insan edə bilərmi?

 

Travma, insanın fiziki, emosional və ya psixoloji olaraq dərin təsirlənməsinə səbəb olan, adətən gözlənilməz və çətin bir hadisə və ya hadisələr toplusudur. Bu, qəfil baş verən hadisə (məsələn, yol qəzası, təbii fəlakət) və ya uzunmüddətli stress yaradan bir vəziyyət (məsələn, zorakılıq, istismar, müharibə) ola bilər. Travma insanın beyin fəaliyyətinə də təsir göstərir. Bu halda amiqdala təhlükə siqnallarını daha həssas şəkildə qəbul edir, hipokampus isə xatirələri düzgün formada emal etməkdə çətinlik çəkir.

Travma həqiqətən də insanın həyatına dərindən təsir edə biləcək bir təcrübədir; amma bu təsirin fərdi "yaxşı" və ya "pis" etməsi olduqca mürəkkəb bir mövzudur və insandan-insana dəyişə bilər. Çünki şəxsiyyətin formalaşması yalnız bir amildən asılı olmur. 

Uzun illərdir aparılan tədqiqatlar bunu söyləməyə imkan verir ki, şəxsiyyət xüsusiyyətlərinin formalaşması 40-45% genetik amillərdən, yerdə qalan hissəsi isə ətrafımızda baş verən hadisələrdən və yaşadığımız təcrübələrdən asılıdır. Bu da o deməkdir ki, insan psixologiyasını sadəcə genetik və ya sadəcə sosial amillərlə açıqlamaq mümkün deyil. Şəxsiyyət bu iki amilin vəhdəti nəticəsində formalaşır. Bu səbəbdən də hər şeyi keçmişə və keçmişdə yaşanan travmalarla əlaqələndirmək şəxsin passiv mövqe tutmasına səbəb olur. Belə insanlar başına gələnlərin hər zaman başqasının günahı olmasına inanır və öz həyatlarının məsuliyyətini üzərlərinə götürməkdə çətinlik çəkirlər. 

Travmaya sığınmaq çox vaxt şüurlu seçim deyil, bu bir adaptiv müdafiə mexanizmidir. Lakin, uzunmüddətli baxdıqda, bu müdafiə mexanizmi insanın inkişafına və sağlam münasibət qurmağına mane olur. Sağalma isə travmanı inkar etməklə yox, onu anlayaraq məsuliyyət almaq ilə başlayır.

Qısacası, travma insanı tək başına "yaxşı" və ya "pis" insan etmir; fərdin travma qarşısında necə bir yol izlədiyi və psixoloji dayanıqlılığı bu prosesi formalaşdırır. Keçmişi dəyişdirə bilmərik amma keçmişdə yaşananların indiki həyatımıza təsirini dəyişmək bizim əlimizdədir. 

 

Psixoloq Aişə Musayeva

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!