+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Sosial şəbəkələrin insan psixologiyasına təsiri

By Nəzrin Seyidli - 11 Sep 2026 15 0 comments
Sosial şəbəkələrin insan psixologiyasına təsiri

 

Sosial şəbəkələr, xüsusilə qısa və sürətli məzmun üzərində qurulan platformalar artıq sadəcə əyləncə vasitəsi deyil. Bu mühitlər diqqətimizi yönləndirir, zövqlərimizi formalaşdırır və dünyanı qavrama tərzimizə təsir göstərir. İnsan fərqinə varmadan hər gün qarşısına çıxan məzmunların təsiri altında düşüncə və davranışlarını dəyişdirə bilir. Buna görə də alqoritmlər təkcə nə izlədiyimizi deyil, zamanla nəyə maraq göstərdiyimizi və dünyaya necə baxdığımızı da müəyyən qədər istiqamətləndirir.

Diqqət və ünsiyyət üzərində təsir

Hər bir neçə saniyədən bir dəyişən dinamik görüntülər beynimizi sürətli informasiya axınına öyrəşdirir. Bu isə uzunmüddətli diqqəti və fokuslanmanı zəiflədə bilir. Nəticədə qarşımızdakı insanı səbirlə dinləmək, gündəlik işlərə və ya tapşırıqlara diqqət yetirmək getdikcə çətinləşir. Bu vəziyyət xüsusilə şəxsiyyətin formalaşdığı yeniyetməlik dövründə daha çox hiss olunur.

Saxta ideallar və fərdiliyin itməsi

Platformalardakı vizual axın şüuraltımızda saxta bir gözəllik standartı qurur. Bu oyunun içində gənclər böyük bir ziddiyyətlə üz-üzə qalırlar. Bir tərəfdən təbii görünüşün vacibliyi vurğulanır, digər tərəfdən isə virtual filtrlərlə dəyişdirilmiş üzlər ideal kimi təqdim olunur. Beyin bu iki ziddiyyətli mesajı eyni anda qəbul edəndə daxili böhran başlayır.

Bu virtual standartlar gələcəkdə real dostluq və partnyor seçimlərinə də zərbə vurur. Zehindəki realdan uzaq gözləntilər real həyatda xəyal qırıqlığına yol açır. Üstəlik, rəqəmsal gözəllik trendləri hər mövsüm sürətlə dəyişir. Gənclər, xüsusilə də yeniyetmələr öz bədənlərini bu sürətli dəb dalğasına uyğunlaşdıra bilmədikdə, öz xarici görünüşlərinə yadlaşırlar.

Burada maraqlı bir təzad var: Hər bir gənc öz tərzi ilə fərqli və unikal görünməyə çalışır. Lakin alqoritmin təsiri ilə hamı eyni zövqlərə, eyni geyim və eyni davranış qəliblərinə bürünür. Beləcə, fərdilik axtarışı kütləvi bir eyniləşmə ilə nəticələnir. Fərqli olmaq istəyən gənclər, fərqinə varmadan bir-birinin eynisinə çevrilirlər.

Münasibətlərin dəyişən mahiyyəti

Platformalarda yaşa uyğun olmayan videoların davamlı önə çıxması real həyatla virtual dünya arasındakı sərhədi zəiflədə bilir. Xüsusilə yeniyetmələr gördükləri davranış və münasibət modellərini zamanla normal qəbul etməyə başlayırlar. Bu isə onların münasibətlər, məsuliyyət və insanlararası davranışlar haqqında təsəvvürlərinə təsir göstərə bilir.

Yalnız xarici görünüş və maddi maraqlar üzərində qurulan münasibətlərin ön plana çıxması isə insanları bir-birinə daha səthi yanaşmağa alışdıra bilir. Bu da empatiya hissinin zəifləməsinə, bəzi gənclərdə isə yorğunluq, tənhalıq və emosional gərginlik hissinin artmasına səbəb ola bilir.

Kiber təhlükələr və manipulyasiya riski

Sosial şəbəkələrin yaratdığı davamlı müqayisə mühiti və təsdiq ehtiyacı bəzi gənclərin özünəinamını və iradəsini zəiflədə bilir. Bu isə onları rəqəmsal mühitdə müxtəlif manipulyasiya formalarına qarşı daha müdafiəsiz edir.

Bu vəziyyət kiber mühitdəki risklərin təsir imkanlarını artırır. Bəyənilmək, qəbul olunmaq və aidiyyət hissi qazanmaq istəyi insanın qərarlarına təsir göstərərək onu zərərli qruplara və təhlükəli onlayn münasibətlərə daha açıq hala gətirə bilər.

Çıxış Yolu: Rəqəmsal Fərqindəlik

Bütün bu proseslərin fonunda sağlam şüurun, dolayısı ilə sağlam şəxsiyyət modelinin formalaşması çətinləşir. Çünki rəqəmsal sistem dünyanı qavrayış tərzimizi məhdudlaşdırır. Zövqlər və internet üzərində qurulan həyat tərzi elə bir həddə çatır ki, gənclər məsuliyyət tələb edən real münasibətlərdən qorxaraq geri çəkilirlər. Canlı ünsiyyət əvəzinə ekranın arxasındakı parıltılı simulyasiyanı axtarmaq meyli güclənir. Sonda isə bu böyük rəqəmsal kütlənin içində insanlar tamamilə təkləşirlər.

Pərdəarxasında isə bütün bu sistem “diqqət iqtisadiyyatı” üzərində qurulub. Platformalar istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamağa çalışır. Bunun üçün insanın maraq və gözlənti hissini davamlı şəkildə aktiv saxlayan məzmunlar qarşıya çıxarılır. Bizə təqdim olunan bir çox trend və standart isə əslində daimi istehlak ehtiyacı yaratmağa xidmət edir.

Bunu dərk etmək ekrandakı görüntülərə qarşı bizə daxili bir fərqindəlik qazandırır. İnsan ekrandakı hər bir saniyənin müəyyən bir sistem tərəfindən idarə olunduğunu anladığı an, alqoritmlərin şüur üzərindəki təsiri də zəifləyir. Çünki əsl zövqlər və həqiqi seçimlər, bizə diktə olunan dəbdəbəli qəliblərin bitdiyi yerdə, öz sərbəst iradəmizlə qurulur.

Bu Sistemdən Azad Olmaq Üçün 5 Praktik Addım 

·        Dayanmaq və sakit qala bilmək (Rəqəmsal detoks): Beynimiz boş qalan kimi telefona yönəlməyə öyrəşib. Halbuki insanın müəyyən vaxt ekrandan uzaq qalması daxili sakitlik və düşüncə üçün vacibdir. Gün ərzində qısa müddət də olsa, heç bir ekrana baxmadan öz düşüncələrimizlə baş-başa qalmaq zehni yorğunluğu azaltmağa kömək edə bilər.

·        "İdeal İnsan" illüziyasını sındırmaq: Ekrandakı parıltılı həyatların və mükəmməl üzlərin arxasında dayanan "biznes modeli"ni dərk edin. O insanlar sizə öz həyatlarını deyil, bir məhsulu satırlar. Güzgüyə baxanda filtrlərlə dəyişdirilmiş saxta bir obrazı deyil, təbiətin milyon illik təkamüllə formalaşdırdığı unikal, təkrarolunmaz və real bir varlığı — özünüzü görün.

·        Fərqli mövzularla maraqlanmaq: Sosial şəbəkələr bizə adətən yalnız maraq göstərdiyimiz mövzuları təqdim edir. Buna görə insan bəzən qəsdən yeni sahələrlə maraqlanmalı, elmi, tarixi və ya fəlsəfi mövzular araşdırmalıdır. Müxtəlif baxış bucaqları ilə tanış olmaq düşüncə dairəsini genişləndirir və insanın eyni informasiya mühitində sıxılıb qalmasının qarşısını alır.

·        Canlı və səbir tələb edən ünsiyyət: Rəqəmsal münasibətlər çox rahat görünür; çünki bəyənmədiyimiz mesajı silə, insanı bir toxunuşla uzaqlaşdıra bilərik. Real münasibətlər isə emosional əmək, səbir və qarşı tərəfi dərindən dinləmək tələb edir. Bu çətinlikdən qaçmaq şəxsiyyətimizin sosial bacarıqlarını zəiflədir. Ekranın rahat, lakin səthi dünyasından çıxıb, bizi yetkinləşdirən real və canlı münasibətlərə dəyər verməliyik.

·        İstehlakçıdan yaradıcıya keçid: Alqoritm bizim sadəcə passiv bir "izləyici" və "alıcı" olmağımızı istəyir. Bu zənciri qırmağın yolu rəqəmsal məkandan yalnız istehlak üçün deyil, istehsal üçün istifadə etməkdir. Bir ideyanı yazmaq, bir layihə hazırlamaq və ya real bir problemi həll etmək üçün texnologiyanı sadəcə faydalı bir alətə çevirin; onun sizi və zamanınızı idarə etməsinə icazə verməyin. 

ÖZÜNÜ YOXLA: Alqoritmlər səni nə dərəcədə idarə edir?

Aşağıdakı 5 suala səmimi cavab verin (Hər "Bəli" cavabı 1 baldır):

1. Sosial şəbəkədə qısa videolar (Reels/TikTok) izləyərkən planlaşdırdığınızdan daha çox vaxt keçirirsinizmi?

2. Kitab oxuyanda və ya bir iş görəndə bildiriş gəlməsə də, daxili bir narahatlıqla telefona baxırsınızmı?

3. Ekrandakı parıltılı həyatları və ya "mükəmməl" xarici görünüşləri gördükdən sonra öz həyatınızdan və ya görünüşünüzdən narazılıq hissi keçirirsinizmi?

4. Real həyatda stress, darıxmaq, tənhalıq və ya kədər hiss edəndə bu hisslərdən qaçmaq üçün dərhal telefona yönəlirsinizmi?

5. Canlı ünsiyyət qurmaq, kimisə səbirlə dinləmək əvəzinə ekran arxasında qalmağı daha rahat hesab edirsinizmi? 

NƏTİCƏ:

·        0-1 Bal: Yüksək rəqəmsal fərqindəlik. Ekran qarşısında davranışlarınıza və duyğularınıza özünüz nəzarət edirsiniz; alqoritmlərin psixoloji təsirinə qapılmırsınız.

·        2-3 Bal: Orta dərəcədə rəqəmsal təsir. Alqoritmlər həm zamanınızı, həm də daxili rahatlığınızı yavaş-yavaş idarə etməyə başlayıb. Balansı bərpa etmək üçün rəqəmsal detoksa ehtiyacınız var.

·        4-5 Bal: Yüksək rəqəmsal risk zonası. Virtual dünya sizin emosional vəziyyətinizə və gündəlik vərdişlərinizə ciddi təsir göstərir. Diqqəti və emosional balansı yenidən qazanmaq üçün məqalədəki "5 Praktik Addım"ı tətbiq etmək tövsiyə olunur. 

 

Psixoloq Nəzrin Seyidli

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!