+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Psixoloji Müdafiə Mexanizmləri: Şəxsiyyətin Özünü Qoruma Strategiyaları

By Aişə Musayeva - 24 Oct 2024 139 0 comments
Psixoloji Müdafiə Mexanizmləri: Şəxsiyyətin Özünü Qoruma Strategiyaları

 

Psixoanalitik nəzəriyyəyə görə, şəxsiyyət “id, eqo və supereqo” anlayışlarından ibarət strukturdur. “İd” instinktləri və şüursuz istəkləri ilə həmin an təmin etmək istədiyi istəkləri ifadə edərkən, “supereqo” cəmiyyətin əxlaqi və etik qaydalarını əhatə edir. Şüurlu bir mexanizm olan eqo, id və supereqo arasında tarazlığı qurur.

 İd strukturunun təmin etmək istədiyi istəklər və sosial qaydalar ümumi bir yerdə toplana bilmirsə, münaqişə yaranır. Bu nöqtədə insanın inkişaf etdirdiyi “müdafiə mexanizmləri” həll yolu tapmaq üçün işə düşür.

Müdafiə mexanizmləri, insanların özlərini narahat edən düşüncələrdən və ya hisslərdən qorumaq üçün şüursuz şəkildə istifadə etdikləri strategiyalardır. Bu psixoloji strategiyalar yaşadığımız narahatlıq hissindən qurtulub daha yaxşı hiss etməyimizə səbəb olur, lakin bu zaman bu duyğular tamamilə ortadan qalxmır, sadəcə şüursuz olaraq basdırıldığı üçün bir müddətlik rahatlaşma yaranır.

  Müdafiə mexanizmlərinin istifadə olunduğu məqsədlər aşağıdakılardır:

  • Qəbuledilməz, əlçatmaz və təhdid yaradan şüursuz impulslara, hisslərə, düşüncələrə və istəklərə, acı xatirələrə və təcrübələrə qarşı özünü müdafiə etmək
  • Özünü şüursuz impulsların yaratdığı konfliktdən, təqsirkarlıqdan, özünə olan hörmətin itirilməsindən və tənqiddən qorumaq (əsasən, narahatlıqdan qorunmaq)

  Müdafiə mexanizmlərindən bəziləri aşağıdakılardır :

  1. İnkar - narahatlığa səbəb olacaq real vəziyyətləri, hadisələri və ya təcrübələri başa düşmək və qəbul etməkdən imtina etməkdir. Ən çox istifadə olunan  müdafiə mexanizmlərindən biridir. Buna misal olaraq sevdiyiniz insanı itirdikdən sonra onunla planlar qurmağa davam etməyi göstərmək olar.

 

  1. Repressiya - insanların çətin və ya qəbuledilməz fikirləri zehni olaraq arxa plana keçirməsidir. Bastırma eqoya mənfi təsir edən, onu narahat edən bütün impulsların, duyğuların və təcrübələrin şüurdan sıxışdırılıb şüuraltına ötürülməsi və orada saxlanması deməkdir. Freyd insanların üzləşməkdə çətinlik çəkdikləri xatirələri (xüsusilə də travmatik olanları) sıxışdıraraq onları şüurdan çıxardığını önə sürür. Məsələn, uşaqlıqla bağlı bəzi xatirələri xatırlaya bilməmək və ya keçmişdə edilən bir səhvi basdıraraq arxa plana atmaq.

 

  1. Proyeksiya – bu müdafiə mexanizmi adətən bir insanın öz qəbuledilməz hisslərini və ya istəklərini başqasına aid etdiyi, başqasında gördüyü bir vəziyyətdir. Bu zaman əks olunan tərəf insan, heyvan və ya obyekt ola bilər. Bu müdafiə aktiv olduqda, öz duyğumuzun fərqində olmaq əvəzinə, sanki bu duyğu bizə qarşı tərəfdən gəlirmiş kimi qəbul edirik. Məsələn, şəxsin qısqandığı adamın ona pis niyyətlə yaxınlaşdığına inanması və ya qısqandığı insanı təkəbbürlü bir insan kimi qəbul etməsi (bu zaman mənfi duyğunun özünə aid deyil də, qarşı tərəfə aid olduğunu düşünür). Proyeksiyadan sadəcə mənfi duyğuların əks edilməsində deyil müsbət duyğuların da əks edilməsində istifadə olunur. Məsələn, bəyəndiyimiz insanın davranışını sanki biz deyil də, o bizi bəyənmiş kimi şərh etmək.

 

  1. Reqressiya - bu, insanın əvvəlki inkişaf dövrünə, daha doğrusu, oradakı duyğu və ya davranışlara qayıtdığı vəziyyətdir. Adətən stresli vaxtlarda baş verir və narahatlığı azaltmaq və təhlükəsiz hiss etmək istəyindən qaynaqlana bilir. Bu tip geriləmə xüsusilə uşaqlarda travma və ya itki zamanı tez-tez müşahidə olunur. Məsələn, uşaq yenidən yatağını isladır və ya barmağını əmməyə başlayır. Həmçinin, uşağın yeni doğulan qardaş və ya bacısını qısqanıb ailəsinin diqqətinin çəkmək üçün körpə kimi davranması da reqressiya nümunədir.

 

  1. Rasionallaşdırma - bu müdafiə mexanizmi ağrılı və ya qəbuledilməz duyğuların məntiqli görünən səbəb və açıqlamalarla haqlı göstərilməsidir. Bu tip məntiqi açıqlamalarla insan özünü dəyərsizlik və ya sevilməmişlik  hissləri kimi mənlik duyğusunu sarsıdacaq duyğulardan qoruyur. Məsələn, ona dəfələrlə zəng etsəm də, məni incitməkdən çox qorxduğu üçün zənglərimə cavab vermədi.

 

  1. Yer dəyişdirmə - bu, fərdin emosional reaksiyasını yönləndirilməli olduğu şəxsə deyil, başqa bir şəxsə və ya obyektə yönəltdiyi bir müdafiə mexanizmidir. Yer dəyişmə adətən qəzəb və ya aqressiyanın yönləndiriməsini əhatə etsə də digər emosiya və impulslarlarla da əlaqələndirilə bilər. Məsələn, iş yoldaşınıza əsəbləşib həmin axşam yoldaşınıza qarşı aqressiya göstərmək buna missal ola bilər.

 

  1. Sublimasiya - bu müsbət müdafiə mexanizmi hesab olunur. İnsanın cəmiyyət tərəfindən qəbul edilməyəcək güclü mənfi emosiyalarını müsbət və faydalı fəaliyyətə çevirmək bacarığıdır. Məsələn, insan həmkarına çox qəzəbli olsa da, ona zərər vermək əvəzinə enerjisini buraxa biləcəyi bir idman növü seçir.

 

  1. Əks reaksiya – bu müdafiə mexanizmi insanın həqiqi hisslərinin əksinə hərəkət etmək və duyğularının tam əksini ifadə etməsi ilə xarakterizə olunur. Məsələn, sevgilisinə qarşı çox küsmüş və hirslənən bir insanın, əksinə, tərk edilməmək üçün özünü çox xoşbəxt və onunla yaxşı hiss edirmiş kimi davranması və ya yeni tanış olunan dost kollektivində bəyənmədiyi insana qarşı digərlərindən daha qayğıkeş və isti davranmaq.

 

  1. İzolyasiya - izolyasiya mexanizmində yaddaşın koqnitiv tərəfi tamamilə qorunub saxlanıla və yadda saxlanıla bilərkən, emosional tərəfi isə sıxışdırılır və ya əlaqəsiz görünən başqa bir obyektə ötürülür. Məsələn, insan xoş və ya pis bir xatirəni heç bir emosional yük olmadan quru bir şəkildə təsvir edir. Sanki başqası o hadisəni yaşayıb və özü isə kənardan izləyib.

 

  1. İntellektuallaşma - savadlı və bilikli insanların istifadə etdiyi müdafiə mexanizmidir. İnsan problemlərinə mütəxəssis kimi yanaşır, xəstəliyinə adlar tapır, səbəblərini elmi vasitələrlə izah etməyə çalışır. O, öz problemlərini dünya problemləri, ölkənin sosial-iqtisadi problemləri, mədəni problemlər və s. ilə əlaqələndirir, şəxsi problemlərinin içinə girməkdənsə, ümumi müzakirələrə getməyə üstünlük verir. O, ifadələri ilə öz problemləri arasında əlaqə qura və ya qəbul edə bilmir.

 

Müdafiə mexanizmləri insanlara ağrılı təcrübələrin öhdəsindən gəlməyə və özlərini bir müddət yaxşı hiss etmələrinə kömək etsə də təəssüf ki, onlar problemləri qəbul etmək və onlarla üzləşmək və ya rasional həll yolu tapmaq üçün yanaşmaları əhatə etmir. Əksinə, onlar reallığın olduğundan fərqli qəbul edilməsinə səbəb olur və insanın öz problemləri ilə bağlı qavrayışını dəyişdirir. Bu zaman qəbul edilməmiş bütün duyğular, istək və ehtiyaclar tamamilə yox olmur, sadəcə şüuraltına toplanır və zamanla bir çox psixoloji narahatlıqların yaranmasına səbəb olur.

 

Psixoloq Aişə Musayeva

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!