+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Passiv-aqressiv davranış

By Aişə Musayeva - 11 Jun 2026 19 0 comments
Passiv-aqressiv davranış

 

Passiv-aqressiv davranış (ing. passive-aggressive behavior) qəzəb və ya narahatlıq kimi mənfi emosiyaların açıq şəkildə ifadə edilməsi əvəzinə, dolayı yollarla göstərilməsidir. Bu, adətən istəklərə qarşı müqavimət, inadkarlıq, işləri ertələmə və tənqidetmə formasında özünü göstərən bir aqressiya növüdür. Şəxs problemlərlə birbaşa üzləşmək əvəzinə, narazılığını gizli şəkildə davranışları ilə ifadə edir. Passiv-aqressiv davranış stress, narahatlıq və məyusluq kimi emosiyalarla başa çıxma üsulu kimi də istifadə oluna bilir.

Bəzi insanlar bu tip davranışlara digərlərinə nisbətən daha meyilli olurlar. Buna görə də passiv-aqressivlik bəzən bir “şəxsiyyət xüsusiyyəti” kimi qəbul edilir. Bununla yanaşı, cəmiyyətin fərdləri müəyyən şəkildə şərtləndirməsi səbəbindən bir çox insanın zaman-zaman bu davranışları sərgilədiyi müşahidə olunur. Bəzi hallarda açıq şəkildə üzləşmək mənfi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən insan duyğu və düşüncələrini açıq ifadə etmək əvəzinə, dolayı davranışlarla həyatına davam edə bilər. Bu baxımdan, müəyyən səviyyədə passiv-aqressiv davranışların sosial həyatın bir hissəsi olduğunu demək mümkündür. Lakin zamanla sosial həyatı və ikili münasibətləri ciddi şəkildə zədələyən davranışlara çevrilə bilər.

Passiv-aqressiv davranış nümunələri hansılardır?

Kinayəli təriflər - Passiv-aqressiv insanlar duyğu və düşüncələrini açıq şəkildə ifadə etmək əvəzinə, bəzən qarşı tərəfi incitmək və ya çaşdırmaq məqsədi daşıyan yollarla ifadə edə bilərlər. Bunun ən bariz nümunələrindən biri iltifatlardır. Üslub zahirən müsbət görünsə də, ifadənin içində gizli təhqir olur. Bu cür iltifatlar əslində passiv aqressiyanı ifadə etmək üçün istifadə olunur. Məsələn: “Nəhayət ki, düzgün görünən bir saç modelin var!” cümləsi ilk baxışda iltifat kimi səslənsə də, əsl məqsəd əvvəlki saç modelinin pis olduğunu vurğulamaq ola bilər. Eyni şəkildə “Bu gün bu qədər anlayışlı olmağına təəccübləndim” və ya “Adətən olduğundan daha gözəl görünürsən” kimi ifadələr də gizli hücum xarakteri daşıya bilər. Bəzən bu iltifatlar o qədər üstü örtülü olur ki, insan yalnız sonradan qarşı tərəfin əsl niyyətini anlaya bilir.

İynəli sözlər və zarafatlar - Passiv-aqressiv insanlar aqressiyalarını ifadə etmək üçün istehzaya müraciət edə bilirlər. Onlar mənfi düşüncələrini çox vaxt istehzalı şəkildə bildirir və hisslərini gizlətmək üçün “zarafat edirdim” deyə müdafiə edirlər. Bu, problemlərin açıq müzakirəsi əvəzinə, əsl düşüncələrin zarafatla maskalanmasıdır.

Dolayı imtina - Dolayı imtina, bir istəyə birbaşa “yox” demədən onu yerinə yetirməmək və ya davamlı şəkildə yubatmaqdır. Məsələn, ev yoldaşınızdan bir neçə dəfə qabları yumağı xahiş etdiyiniz halda “yox” deməsə də, bunu etməyə bilər. Əlbəttə, bu davranış həmişə pis niyyətli olmaya bilər, sadəcə tənbəllikdən də qaynaqlana bilər.

Səssizlik - Səssizlik adətən qarşı tərəfə razılaşmadığını göstərmək üçün istifadə olunur və çox vaxt problemlərdən açıq şəkildə qaçmaq məqsədi daşıyır.  Məsələn, qarşı tərəfin cavab gözlədiyi hallarda səssiz qalmaq çox vaxt passiv-aqressiv davranış kimi qiymətləndirilir. Eyni şəkildə, bir insan problemi həll etmək və ya artıq kimsə ilə ünsiyyət qurmaq istəmədiyini açıq demək əvəzinə, heç bir izah vermədən əlaqəni kəsə bilər.

İstənilməyən rəylər - Passiv-aqressiv şəxs bəzən birinin yaşı, görünüşü və ya münasibətləri ilə bağlı mənfi şərhlər verə bilər. Bu davranış çox vaxt qarşı tərəfin özünə hörmətini zədələmək məqsədi daşıyan manipulyasiya formasıdır. Məsələn: “Sənin yerində olsaydım, geyim tərzimi dəyişməyə fokuslanardım” və ya “Son vaxtlar çox yorğun görünürsən, daha çox yatmalısan” kimi iynəli, dəvət olunmamış məsləhətlər verilə bilər.

Demək olar ki, hər kəs mənfi emosiyalarla başa çıxmaq və onları daha qəbul edilən formada ifadə etmək üçün zaman-zaman passiv-aqressiv davranışlar göstərə bilər. Lakin bu davranışların daimi xarakter alması münasibətlərə ciddi zərər verə bilər. Digər tərəfdən, passiv-aqressiv davranışın hədəfi olmaq çox vaxt çaşdırıcı və əsəbləşdirici olur. Buna görə də bu davranışların səbəblərini anlamaq və onlarla necə başa çıxmağı öyrənmək daha sağlam münasibətlərin qurulmasına kömək edə bilər.

 

 

  Psixoloq Aişə Musayeva

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!