+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Panik Pozuntu və Panik Atak Arasındakı Fərq Nədir?

By Aişə Musayeva - 11 Dec 2025 118 0 comments
Panik Pozuntu və Panik Atak Arasındakı Fərq Nədir?

 

Hər nə qədər xalq arasında “panik atak” olaraq bilinsə də, əslində panik atak panik pozuntunun bir əlamətidir. Panik pozuntunun ən tipik xüsusiyyəti yüksək səviyyəli həyəcan tutmaları kimi müşayət olunan panik ataklardır.

Panik pozuntu yaşayanlarda əlamətlər çox vaxt stress səviyyəsinin yüksək olduğu vəziyyətlərdə ortaya çıxır. İlk əlamətlər həyat problemləri, ayrılıq, konfliktlər kimi stressli hadisələrdən sonra görünə bilər. Panik pozuntu, panik atak tutmalarını gözləmə və panik atakdan qorxma ilə güclənir. Şəxs panik ataklar zamanı baş verə biləcək təhlükələrdən (öləcəyi və ya ağlını itirəcəyi ehtimalından) qorxur və yenidən tutma keçirəcəyi düşüncəsi onu davamlı olaraq narahat edir. Məhz bu narahatedici düşüncələr panik atakların təkrarlanmasına yol açır.

Panik Pozuntunun Əlamətləri

  • Təkrarlanan, gözlənilməyən panik ataklar
  • Hər an panik atak keçirmə qorxusu
  • Daimi gərginlik və hüzursuzluq
  • Öləcəklərinə və ya ağlını itirəcəklərinə inanmaq və buna görə tez-tez təcili yardıma müraciət etmək
  • İpoxondrik xüsusiyyətlərin artması

Əgər panik pozuntuda panik atak keçirmə qorxusu ilə birlikdə agorafobiya da görülürsə, bu “Aqorafobiyalı Panik Pozuntu” adlanır. Bu halda şəxs yardım ala bilməyəcəyi və ya panik atak keçirəcəyi qorxusu ilə insanların çox olduğu küçələr, mağazalar, avtobuslar kimi məkanlardan qaçır. Bu şəxslər təhlükəli olduğunu düşündükləri yerlərə getməməyə çalışır və ya tək getməkdən qorxurlar.

Panik Atak Əlamətləri

  • Ürək döyüntüsünü hiss etmək və ya ürək ritminin artması
  • Tərləmə
  • Nəfəs darlığı
  • Boğulma hissi
  • Nəfəsin kəsilməsi
  • Döş qəfəsində ağrı
  • Döşdə sıxıntı hissi
  • Ürəkbulanma və ya qarın ağrısı
  • Başgicəllənmə, özünü sərxoş kimi hiss etmə, huşunu itirəcək kimi olma
  • Ağılını itirmə və kontrolu itirmə qorxusu
  • Ölüm qorxusu
  • Keyimə
  • Üşümə, titrəmə və ya istinin basması

Bu əlamətlərdən ən az dördünün birdən başladığı və 10-cu dəqiqədə ən yüksək səviyyəyə çatdığı vəziyyətlərə panik atak deyilir. Tutmalar adətən 10–30 dəqiqə arasında davam edir. Ağır vəziyyətlərdə 1 saata qədər davam edə bilir. Panik ataklar çox vaxt heç bir səbəb olmadan yaranır, ancaq müəyyən qıcıqlandırıcılardan sonra da baş verə bilər.

Panik Pozuntunun Səbəbləri

Panik pozuntunun dəqiq səbəbi məlum olmasa da, səbəblər əsasən iki başlıq altında araşdırılır:

·         Bioloji Səbəblər

Ailə və əkiz araşdırmaları panik pozuntunun güclü genetik tərəfinin olduğunu göstərir. Təşviş pozuntuları arasında genetik keçişi ən çox olan pozuntu panik pozuntudur. Bu xəstələrin birinci və ikinci dərəcəli qohumlarında görülmə ehtimalı 4–10 dəfə daha çoxdur.

·         Koqnitiv Səbəblər

Panik ataklarda “öləcəyəm, ağlımı itirəcəyəm, kontrolu itirəcəyəm” kimi düşüncələr bu pozuntunun koqnitiv tərəfini göstərir. Aşırı yorğunluq, çox kofein qəbulu və ya həyəcan səbəbindən yaranan ürək döyüntülərini “infarkt keçirirəm” kimi fəlakətləşdirmək panik atak ehtimalını artıra bilər. Panik atak yaşayanlar bədən duyumlarını davamlı analiz edər və panik atakla əlaqəli olan duyğuları daha tez hiss edərlər. Bu isə panik atakların yaranmasına zəmin yaradır.

Panik Pozuntunun Müalicəsi

Bu mərhələdə şəxsə panik atakların necə yarandığı və mexanizmi haqqında psixo-təhsil verilir. Ardınca panik atakla əlaqəli bədən duyumlarını fəlakətləşdirən düşüncələr üzərində işlənilir. Yanlış düşüncələr düzəldilir, nəfəs məşqləri öyrədilir. Müalicənin ən vacib hissəsi şəxsin və ailəsinin panik atak zamanı xəstəxanaya getməməli olduğunu, bunun infarkt olmadığını anlamasıdır.

Panik atak zamanı bədən duyumlarının olduğundan daha təhlükəli qavrayan pasiyentlərlə “atak zamanı təcili yardıma getməmə” mövzusunda razılaşma edilir. İlk vaxtlarda çətin olsa da, müalicə irəlilədikcə qaçınma davranışları ilə mübarizə daha da asanlaşır. Terapiya başlanğıcda çətin olsa da zamanla yüngülləşir. Ehtiyac yarandıqda terapiya ilə paralel olaraq dərman müalicəsi də başladıla bilər.

 

Psixoloq Aişə Musayeva

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!