+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Nəyə görə güclü görünmək istəyirik?

By Aişə Musayeva - 24 Apr 2025 109 0 comments
Nəyə görə güclü görünmək istəyirik?

 

Hər birimiz yaşadığımız problemlərə fərqli reaksiyalar veririk. Bəzilərimiz kədərləndiyində bunu göz yaşları ilə ifadə edər, hisslərini açıq şəkildə göstərər. Bəzilərimiz isə duyğularını heç bir şəkildə biruzə verməz, üz ifadəsini dəyişməz. Özlərini heç bir hadisədən təsirlənməyən biri kimi təqdim etmək bəzi insanlar üçün tez-tez başvurulan bir davranış formasıdır. Onlar hər zaman güclü görünməli olduqlarına inanır və bu görüntünü qorumağa çalışırlar. Ağlamazlar, hisslərini paylaşmazlar, problemlərini başqaları ilə bölüşməzlər.

Güclü görünməyə çalışan insanlar üçün psixoloji dəstək almaq adətən çətin olur. Çünki onların fikrincə, psixoloji yardım yalnız zəif və gücsüz insanlar üçün nəzərdə tutulub. Başqalarının onları zəif və ya gücsüz görməsini istəmirlər. Lakin həyatları boyunca güclü görünməyə çalışmaq insanın enerjisini tükədən, onu öz hisslərindən və kimliyindən uzaqlaşdıran bir davranışdır. Bastırılmış duyğular, ifadə edilməmiş düşüncələr və başqalarının dəstəyi olmadan yaşamağa cəhd etmək, nəticədə insanın gücünün tükəndiyi bir yükə çevrilir. Bu isə psixoloji və ya fiziki problemlərə yol açır.

Bəs niyə bir çox insan güclü görünmək üçün bu qədər səy göstərir?

- “Güclü görünməliyəm, əks halda insanlar mənim zəif və gücsüz olduğumu düşünüb mənə acıyacaqlar…”

- “Güclü görünməliyəm, əks halda insanlar həssas tərəflərimi görüb, mənə zərər verə bilər.”

- “Güclü olmasam, tək qalacağam, sevilməyəcəyəm, cəmiyyət tərəfindən qəbul edilməyəcəyəm…”

- “Həyatım boyunca güclü olmağa məcbur idim, çünki ailəm mənə dəstək olmamışdı.”

- “Güclü olmalıyam, çünki hisslərimi ifadə etsəm, insanlar onsuzda məni anlamaz.”

Bu ifadələr sizə də tanış gəlir? Gördüyümüz kimi, bu insanların daxilində qorxular var: Bəziləri tək qalmaqdan, sevilməməkdən qorxduğu üçün, bəziləri isə zərər görməmək üçün güclü görünmək maskasından istifadə edirlər.

Bəziləri uşaqlıq dövründə laqeydliklə üzləşən insanlardır. Kədərləndiklərində və ya qorxduqlarında, valideynlərinə hisslərini ifadə edə bilməyən, duyğularını təkbaşına yaşamağa məcbur olan uşaqlar. Gücsüz olduqlarında dəstək görməyən, ağladıqlarında qınanan, cəzalandırılan və ya alçaldılan uşaqlar.

Başqa bir qrup isə sağlamlıq problemləri olan valideynlər ilə böyüdükləri üçün həmişə güclü olmağa məcbur olduqlarını hiss etmiş insanlardır.

Bəzi insanlar gücsüz olduqlarında ətrafdakı insanlar tərəfindən qəbul edilmədiklərini hiss edirlər. Xüsusilə kişilər. Cəmiyyət və ailə tərəfindən daim güclü olmağa məcbur edilən oğlan uşaqları. “Kişilər ağlamaz” ifadəsini eşitməmiş neçə kişi var, sizcə? Bu sözlər cəmiyyət tərəfindən kişilərə yük kimi verilir və onların hisslərini ifadə etmələrini çətinləşdirir.

Başqa bir qrup isə gücsüz göründükləri təqdirdə başqalarının onlara zərər verəcəyini, üstünlük əldə edəcəyini düşünən insanlardır. Güclü görünməyin onları başqalarından qoruduğuna inanırlar.

Güclü görünməyə olan ehtiyacın altında hansı səbəb olursa olsun, bu müdafiə mexanizmi insanın özünü qorumaq üçün inkişaf etdirdiyi bir davranış formasıdır. Ancaq daimi müdafiə vəziyyəti sağlamlığa mənfi təsir göstərə bilər. Bastırılmış və ifadə edilməmiş duyğular, gec-tez psixoloji və ya fizioloji problemlərə yol açar. Duyğularını ifadə etmək, istər qadın, istərsə də kişi üçün təbii bir ehtiyacdır. Həyatımız boyunca həmişə güclü olmaq məcburiyyətində deyilik. Bəzən gücsüz hiss edə bilərik, kədərlənə bilərik, qorxa bilərik – bu, hər bir insan üçün normaldır. Hisslərimizi göstərmək və ifadə etmək bizi bir-birimizə daha da yaxınlaşdırır və başqalarından dəstək almağımıza kömək edir. Bu isə sağlam və balanslı bir həyat sürməyin ən vacib şərtidir.

 

 

Psixoloq Aişə Musayeva

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!