+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Mədən Acdır yoxsa Ruhun? Emosional Aclıq Nədir?

By Fidan Abasova - 30 Jun 2025 18 0 comments
Mədən Acdır yoxsa Ruhun? Emosional Aclıq Nədir?

 

Kefin olmadıqda yeməyə nəysə axtarırsan? Ağlama istəyi gələndə şokolad və ya dondurmaya əl atırsan? Bəlkə də boş vaxtın olduqda soyuducunun qapısını açıb önündə dayanırsan? Bu vəziyyətlərdən hansısa sənə tanışdırsa səbəbi emosional aclıq ola bilər. 

Emosional Aclıq və Emosional Yemək Yemə Davranışı

Emosional aclıq, bədənin fiziki olaraq yeməyə ehtiyac duymadığı halda, hiss etdiklərindən ötrü yemək yemə arzusudur. Bu, adətən stress, kədər, tənha hiss etmə, əsəbiləşmə, cansıxıcılıq və ya narahatlıq kimi hisslərin yaratdığı bir vəziyyətdir. Fiziki aclıqdan fərqli olaraq, emosional aclıq ani şəkildə ortaya çıxır və adətən şirniyyat, fast food kimi yüksək kalorili qidaları yeməyə meyillilik yaradır.

Emosional Yemək Yemənin Səbəbləri

Emosional yemək yemənin bir neçə səbəbi ola bilər:

  1. Stress – Kortizol hormonu artdıqca, bədən daha çox şirniyyat və ya duzlu yeməklər istəyir.
  2. Tənhalıq və ya cansıxıcılıq – Yemək bir təsəlli və ya vaxtı doldurma vasitəsi kimi istifadə olunur.
  3. Öyrənilmiş Davranışlar – Ətrafdan eşidilən “kefini pozma, bu şirniyyatdan ye kefin yerinə gəlsin” kimi mesajlar.
  4. Psixoloji Təzyiqlər – Günlük problemlərdən qaçmaq istəyi yemək yeməklə özünü sakitləşdirməyə səbəb ola bilər.
  5. Digər Səbəblər - Şəxsin öz təcrübələri ilə bağlı müəyyən başqa səbəblər ola bilər. 

Emosional Aclıqla Fiziki Aclıq Arasındakı Fərqlər

Emosional aclıq fiziki aclıqdan fərqlidir. Fiziki aclıq yavaş-yavaş artır, müəyyən bir vaxt keçdikdən sonra gəlir və istənilən yeməyi yeməklə doymaq mümkündür. Emosional aclıq isə bir anda yaranır, ancaq spesifik qidalar (məsələn, şirniyyat, fast food, şokolad) tələb edir və çox zaman yedikdən sonra peşmanlıq hissi yaradır.

Emosional Yemək Yemə Davranışını Necə Nəzarətə Almaq Olar?

  1. Aclığın Mənbəyini Tanıyın – Hiss etdiyiniz aclıq fiziki aclıqdır, yoxsa emosional bir reaksiyadır?
  2. Alternativ Strategiyalar Tətbiq Edin – Stress anında yemək yerinə meditasiya, idman, gəzmək kimi fəaliyyətlərə üstünlük verin.
  3. Yemək Cədvəli Tutun – Nə zaman və hansı hisslərlə yemək yediyinizi qeyd edərək emosional yemək yemə davranışının nə zaman baş verdiyini anlayın.
  4. Duyğuları Qəbul Edin – Duyğularınızla yemək vasitəsilə deyil, başqa yollarla mübarizə etməyə çalışın.

Emosional yemək yemə problemi tək sizin deyil, çox insanın mübarizə apardığı bir vəziyyətdir. Bununla bağlı özünü mühakimə etməkdənsə, anlayışla yanaşıb, kiçik dəyişikliklərlə bu davranışı idarə etmək mümkündür.

Əgər şiddətli bir şəkildə emosional yemək yemə davranışınız varsa və gündəlik həyatınızda sizə çox çətinlik törədirsə bunun öhdəsindən gəlmək üçün psixoloji dəstək ala bilərsiniz. Bəzən bu problemlə tək başına mübarizə aparmaq çətin ola bilir, lakin doğru dəstəklə problemi həll edə bilərsiniz. 

 

Psixoloq Fidan Abasova

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!