+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Autizm nədir? Əlamətləri, səbəbləri və erkən müdaxilə

By Həmidə Məmmədova - 11 Aug 2026 20 0 comments
Autizm nədir? Əlamətləri, səbəbləri və erkən müdaxilə

 

Autizm — sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarında çətinliklər, eləcə də məhdud maraqlar və təkrarlanan davranışlarla xarakterizə olunan bir problemdir.

Əsasən ilkin göz kontaktının olmaması və ya zəif olması, adına reaksiyanın olmaması, nitq inkişafında gecikmə və sosial ünsiyyətdə çətinliklər kimi xüsusiyyətlərlə özünü göstərə bilər. Bununla yanaşı, məhdud və təkrarlanan davranışlar, müəyyən mövzulara həddindən artıq maraq və gündəlik rejimdə dəyişikliklərə qarşı həssaslıq da müşahidə oluna bilər.

Bu uşaqların valideynləri ilk olaraq uşağın eşitməsindən şübhələnib qulağını müayinə etdirirlər. Amma autizmdə əsas çətinliklərdən biri uşağın sosial ünsiyyət və qarşılıqlı əlaqə bacarıqlarının fərqli inkişaf etməsidir.

Autizm spektrində olan uşaqların inkişaf xüsusiyyətləri bir-birindən fərqlənir. Bəzi uşaqlar heç kimin diqqət etmədiyi xırda detalları tuta, müəyyən sahələrdə güclü yaddaş və xüsusi bacarıqlar nümayiş etdirə bilərlər. Buna görə də autizmli uşaqların potensialını yalnız çətinlikləri ilə qiymətləndirmək düzgün deyil. Hər uşağın özünəməxsus inkişaf xüsusiyyətləri vardır.

Autizmin tarixi

Autizm əvvəlki dövrlərdə də mövcud olub. 1911-ci ildə İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən “autizm” termini istifadə olunub. Ancaq həmin dövrdə bu termin indiki mənasında deyil, şizofreniya ilə əlaqəli psixoloji xüsusiyyəti təsvir etmək üçün işlədilirdi.

1943-cü ildə Leo Kanner autizmi uşaqlarda müşahidə olunan ayrıca inkişaf xüsusiyyətləri kimi elmi şəkildə təsvir edib. Buna görə də erkən uşaqlıq autizmi sonralar Kanner sindromu adı ilə də tanınıb.

1944-cü ildə Hans Asperger də sosial ünsiyyət və davranış xüsusiyyətləri ilə fərqlənən uşaqlar haqqında elmi məlumatlar dərc edib. Daha sonra bu xüsusiyyətlər Asperger sindromu adı ilə tanınıb.

Müasir dövrdə Kanner və Asperger sindromları ayrıca autizm növləri kimi deyil, autizm spektr pozuntusunun müxtəlif təzahürləri çərçivəsində qiymətləndirilir.

Autizmin növləri və sindromları

Əvvəllər autizmin müxtəlif formalarını təsvir etmək üçün Kanner sindromu, Asperger sindromu və Rett sindromu kimi adlardan istifadə olunurdu. Lakin bu üç anlayış eyni məna daşımır. Kanner və Asperger sindromları tarixi diaqnostik adlar olduğu halda, Rett sindromu ayrıca genetik neyroinkişaf pozuntusudur

Autizm spektri və dəstək səviyyələri

Autizm spektr pozuntusu hər uşaqda eyni formada özünü göstərmir. Bəzi uşaqlar danışa, təhsil ala və gündəlik fəaliyyətlərini müstəqil yerinə yetirə bildikləri halda, digərləri ünsiyyət, özünəxidmət və gündəlik həyat bacarıqlarında daha çox dəstəyə ehtiyac duyurlar.

Müasir diaqnostik təsnifatda autizm üç dəstək səviyyəsi ilə təsvir edilə bilər:

1-ci səviyyə — dəstəyə ehtiyac var. Sosial ünsiyyətdə, münasibət qurmaqda və dəyişikliklərə uyğunlaşmaqda çətinliklər müşahidə oluna bilər.

2-ci səviyyə — əhəmiyyətli dəstəyə ehtiyac var. Sosial ünsiyyət və davranış xüsusiyyətləri daha nəzərəçarpan olur, gündəlik fəaliyyətlərdə əlavə dəstək tələb oluna bilər.

3-cü səviyyə — çox əhəmiyyətli dəstəyə ehtiyac var. Ünsiyyət, davranışların tənzimlənməsi və gündəlik həyat bacarıqlarında ciddi çətinliklər müşahidə oluna bilər.

Bu səviyyələr uşağın intellektini və gələcəkdə nə qədər inkişaf edə biləcəyini müəyyən etmir. Onlar uşağın mövcud xüsusiyyətlərinə və dəstək ehtiyacına əsasən qiymətləndirilir.

Autizmin yayılmasında artım

Son illərdə autizmin müəyyən edilməsi və diaqnostikası ilə bağlı göstəricilərdə artım müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə dünya üzrə orta hesabla hər 100 uşaqdan təxminən 1-də autizm müşahidə olunur. Bu göstərici ölkələrə, tədqiqat metodlarına və diaqnostik imkanlara görə dəyişə bilər.

Bu göstəricilərin artması autizmin yayılmasının artması ilə yanaşı, maarifləndirmənin genişlənməsi, diaqnostik meyarların dəyişməsi və əvvəllər müəyyən edilməyən halların aşkarlanması ilə də əlaqəli ola bilər.

Azərbaycanda da autizm haqqında məlumatlılığın artması ilə yanaşı, bu sahədə reabilitasiya və təlim xidmətlərinə ehtiyac günü-gündən artır.

Autizmin yaranma səbəbləri

Autizmin yaranmasına səbəb olan tək və tam müəyyən edilmiş amil hələ aşkar olunmayıb. Elmi araşdırmalar onun yaranmasında genetik və bəzi bioloji amillərin rol oynaya biləcəyini göstərir.

Genetik faktorlar: Genetik xüsusiyyətlər və bəzi gen dəyişiklikləri autizmin yaranma ehtimalına təsir göstərə bilər.

Hamiləlik dövrü ilə əlaqəli amillər: Bəzi prenatal və bioloji amillər autizm ehtimalı ilə əlaqələndirilir. Lakin hamiləlik zamanı hər hansı infeksiyanın bütün hallarda autizmə səbəb olduğunu demək düzgün deyil.

Ətraf mühit və digər bioloji amillər: Genetik xüsusiyyətlərlə qarşılıqlı təsir göstərə bilən bəzi amillər elmi araşdırmalarda öyrənilir.

Doğuş zamanı alınan travma da autizmin təsdiqlənmiş universal səbəbi hesab edilmir. Autizm valideynin uşağa münasibəti və ya tərbiyə üsulu nəticəsində yaranmır.

Erkən əlamətlər və diaqnostika

Autizmə diqqət etsək, onun bəzi əlamətləri uşaqlarda hətta 1 yaş yarımında da hiss oluna bilər. Bu dövrdə uşağın sosial ünsiyyəti, adına reaksiyası, göz kontaktı, işarə etməsi və ünsiyyət qurmaq cəhdləri diqqətlə izlənilməlidir.

Əsas erkən əlamətlər bunlardır:

- İlkin göz kontaktının zəif olması və ya qurulmaması;

- Adına çağırıldıqda reaksiya verməməsi;

- Səslərə və ətrafdakı insanlara reaksiyanın fərqli olması;

- İşarə etmə və marağını başqaları ilə bölüşmə bacarıqlarının zəif inkişafı;

- Nitq inkişafında gecikmə;

- Təkrarlanan hərəkətlər və davranışlar;

- Oyuncaqlardan qeyri-adi və təkrarlanan şəkildə istifadə;

- Rutinlərdə dəyişikliklərə qarşı həssaslıq;

- Səs, işıq, toxunma və digər sensor stimullara həddindən artıq və ya zəif reaksiya.

Bu əlamətlərin olması öz-özlüyündə autizm diaqnozu demək deyil. Diaqnoz uşağın inkişaf tarixçəsi və mütəxəssis qiymətləndirməsi əsasında qoyulur.

Autizm diaqnozu üçün mütləq 3 yaşın tamamlanmasını gözləmək lazım deyil. Əlamətlər erkən yaşda müşahidə edilirsə, uşağın inkişafı vaxtında qiymətləndirilməlidir.

Reabilitasiya və erkən müdaxilə

Reabilitasiya üçün autizm nə qədər tez müəyyən edilərsə və uşağın ehtiyaclarına uyğun dəstəyə nə qədər tez başlanarsa, nəticələr bir o qədər yaxşı ola bilər.

Erkən müdaxilə uşağın ünsiyyət, sosial qarşılıqlı əlaqə, nitq, diqqət, özünəxidmət və gündəlik həyat bacarıqlarının inkişafına kömək edə bilər.

Ona görə də valideynlər uşağın 3 yaşını gözləmədən, inkişafında fərqlilik hiss etdikləri vaxt uşaq psixiatrına və uyğun mütəxəssislərə müraciət etməlidirlər. Psixoloq uşağın inkişaf xüsusiyyətlərinin qiymətləndirilməsi və fərdi müdaxilə planının hazırlanmasında iştirak edə bilər.

Sonrakı yaşlarda da inkişaf və yeni bacarıqların mənimsənilməsi mümkündür. Buna görə uşağın gələcəyi haqqında erkən və qəti mənfi proqnoz vermək düzgün deyil.

Autizmli hər bir uşağın fərdi xüsusiyyətləri, güclü tərəfləri və ehtiyacları vardır. Əsas məqsəd uşağı dəyişdirmək deyil, onun ünsiyyət qurmasına, bacarıqlarını inkişaf etdirməsinə və gündəlik həyata mümkün qədər fəal qoşulmasına kömək etməkdir.

 

Psixoloq Həmidə Məmmədova

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!