Emosional yanma nədir?
Emosional yanma işçilər arasında müşahidə olunan yorğunluq, işdən soyuma, həvəssizlik ilə xarekterizə olunan vəziyyətdir. Emosional yanma günümüzün vacib problemləri siyahısındadır. Aparılan tədqiqatlar göstərir ki, emosional yanma iş itkisi, ailədaxili problemlər, alkoqol, maddə istifadəsinə, hətta depressiya, gələcəklə bağlı təşviş, yuxusuzluq kimi ciddi problemlərə səbəb olur.
Emosional yanma zamanı meydana çıxan əlamətlər aşağıdakılardır:
- Yorğunluq və tükənmişlik hissi
- Xroniki əsəbilik, tez hirslənmə
- Aşağı əhval-ruhiyyə
- Özünü qiymətləndirmənin və özünə hörmətin azalması
- Qərar qəbul etmədə çətinliklər
- Boşluq, mənasızlıq, ümidsizlik hissləri
- Davamlı baş ağrıları və yuxu problemləri
- İşə gec gəlmə, tez-tez icazə alaraq işdən qalma, kolleqalar arasına münasibətdə problemlər.
Emosional yanma sindromu 4 mərhələ ilə ifadə olunur. Bu təsnifatlandırma emosional yanmanı başa düşməyi asanlaşdıran bir dünyagörüşü təmin edir, lakin əslində yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir faktdır.
Birinci mərhələ — Şövq və coşğu mərhələsi: Bu mərhələdə yüksək bir ümidlilik, enerjidə artma və reallığa uyğun olmayan peşə gözləntiləri sərgilənir. Şəxs üçün peşəsi hər şeyin önündədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə zamanını və enerjisini ayırmamağına qarşı narazı deyildir.
İkinci mərhələ — Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma olur. Peşəsini tətbiq edərkən qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan gedərək narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir.
Üçüncü mərhələ — Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlamış olan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır.
Dördüncü mərhələ — Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə, çox dərin emosional qopma, dərin bir inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün bir zövq və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olacaq.
Emosional yanmanın səbəblərinə gəldikdə isə burada kompleks şəkildə bir neçə faktorun mühüm təsiri qeyd olunmalıdır. Aparılan araşdırmalar göstərir ki, yanmanın səbəbi həm fərdi, həm də təşkilati xüsusiyyətlərdən meydana çıxır. Sindromun terapiyası üçün görülən tədbirlər məhz buna görə fərdi səviyyəylə yanaşı təşkilati səviyyədə də aparılmalıdır.
Psixoloq Rahidə Şahverdiyeva
Tags: Psixoloq Rahidə Şahverdiyeva psixoloq dəstəyi humel psixologiya mərkəzi psixologiya merkezi psixoloji merkez humel psixologiya merkezi xroniki yorunluq psixoloji merkez bakı psixoloji merkez emosional yanma
Write a comment