+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Depressiya nədir?

By Firuzə Qənizadə - 3 May 2022 1677 0 comments
Depressiya nədir?

                                                Depressiya

       Depressiya adi əhval dəyişikliyindən və gündəlik həyatda yaranan problemlərə qısa müddətli emosional reaksiyalardan fərqlidir. Kədər və depressiya bir-birinə bənzəsələr də depressiya kədər kimi deyil. İnsanı kədərli edən səbəblər haqqında danışmaq asandır. Depressiya isə izaholunmazdır, insanı səssizləşdirə bilər. Depressiyadan fərqli olaraq kədər keçici və qısa müddətli duyğudur. İnsan hər hansı bir səbəblə kədərli hiss etsə də bəzən gülər və gələcəklə bağlı yeni planlar qura bilər. Depressiyadakı insan üçün isə ümidsizlik hakimdir, gələcəyi fikirləşdikdə hər şeyi qaranlıq görər. Kədər çox həqiqi və çətin emosiyadır, amma depressiya professional dəstək tələb edən, insanın gündəlik həyatına təsir edə biləcək bir əhval-ruhiyyə pozuntusudur.

       Depressiya ən geniş yayılmış psixi pozuntudur və bəzən psixi pozuntuların soyuqdəyməsi adlandırılır. Depressiyanın yayılma səviyyəsi kişilər arasında 2,5%-dən 10%-dək, qadınlar arasında isə 5%-dən 20%-dək dəyişir. Bu göstərici uşaqlar arasında 2%, yeniyetmələr arasında 4-8%-dir. Hal-hazırda dünyada təxminən 280 milyon insan depresiyyadan əziyyət çəkir. Depressiyaya bu pozuntudan əziyyət çəkən qohumları olan şəxslərdə 1,5-3 dəfə daha çox təsadüf olunur.

 

Əlamətləri

Depressiya həyatda yalnız bir dəfə baş verə bilsə də, insanlar adətən bir neçə epizod keçirlər. Bu depressiv epizodlar zamanı əlamətlər günün çox hissəsi, demək olar ki, hər gün baş verir. İki həftədən uzun müddət davam edən bu əlamətlərə daxildir:

Uzun müddət əhvalın enməsi

Adətən xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalması

Demək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.

Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi

Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi

Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı

Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması

Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor fəallığın pozulması (subyektiv və ya obyektiv)

İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq, süstlük)

Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)

Depressiyadan əziyyət çəkən bir çox insan üçün simptomlar adətən iş, məktəb, sosial fəaliyyətlər və ya başqaları ilə münasibətlər kimi gündəlik fəaliyyətlərdə nəzərəçarpacaq problemlər yarada biləcək qədər şiddətlidir.

 

Səbəbləri və Risk faktorları

Depressiyanın bir neçə mümkün səbəbi var. Ümumi səbəblərə aşağıdakılar daxildir:

Erkən uşaqlıq travmaları

Ayrılıq, boşanma, yaxın insanın ölümü kimi stresli həyat hadisələri.

Alkoqol və ya psixoaktiv maddə istifadəsi

Xroniki xəstəliklər, yuxusuzluq, xroniki ağrı, Parkinson xəstəliyi, insult, infarkt və xərçəng kimi müəyyən xəstəliklər.

Ailədə depressiya və ya başqa bir əhval ruhiyyə pozuntusu varsa, depressiyaya düşmə riski artır.

Beyində kimyəvi balanssızlıq:  Depressiyadan əziyyət çəkən insanların əhval-ruhiyyəsini, düşüncələrini, yuxusunu, iştahını və davranışını idarə edən beyin hissələrində kimyəvi balanssızlıq ola bilər.

Hormon səviyyələri. Menstruasiya dövrü, doğuşdan sonrakı dövr, perimenopoz və ya menopoz zamanı müxtəlif dövrlərdə qadın hormonları estrogen və progesterondakı dəyişikliklər insanın depressiya riskini artıra bilər.

Ağrı. Uzun müddət emosional və ya xroniki fiziki ağrı hiss edən insanların depressiyaya düşmə ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir.

Şəxsiyyət tipi. Bəzi insanlar depressiyaya daha çox meyllidirlər. Məsələn, özünü qiymətləndirməsi aşağı olan, mükəmməlliyətçi və tənqidə həssas olan insanlar təbii olaraq depressiyaya daha çox meyllidirlər.

Sosial-iqtisadi vəziyyət. Sosial-iqtisadi vəziyyət, o cümlədən maliyyə problemləri və aşağı sosial status depressiya riskini artıra bilər.

Evli qadınlar və subay kişilərdə depressiya riski yüksək olur.

 

Müalicəsi

Depressiyanın bir neçə müalicə üsulu var. Bu müalicə üsulları simptomların şiddətinə əsasən birlikdə və ya ayrı-ayrılıqda tətbiq oluna bilər.

Dərman müalicəsi

İşıq terapiyası

Elektrokonvulsiv terapiya

Psixoterapiya

"Danışıq terapiyası" kimi də tanınan psixoterapiyada müxtəlif terapiya metodları istifadə olunaraq depressiyya kimi psixi pozuntuların səbəblərinə fokuslanılır, düşüncə, duyğu və davranış üzərində iş aparılaraq simptomların şiddətini azaltmaq və aradan qaldırmaq hədəflənir.

Psixoterapiyanın depressiya və digər psixi pozuntuları olan insanlarda effektiv müalicə olduğu müxtəlif elmi tədqiqatlarda müəyyənləşdirilmişdir.

Depressiyada istifadə olunan bir çox fərqli psixoterapiya metodları ( Zehni Davranış Terapiyası, Dialektik Davranış Terapiyası, Psixodinamik Terapiya və s.) var və bəzi insanlar bir metoda digərindən daha yaxşı cavab verirlər.

 

Depressiyanın qarşısını almaq üçün nə etmək olar?

Hər gün 15 dəqiqə piyada gəzmək

İdmanla məşğul olmaq. İdman əhvalınızı yaxşılaşdıran hormonlardan olan endorfin istehsalını artıra bilir.

Alkoqol və psixoaktiv maddə istifadəsindən uzaq durmaq

Yuxu və qida rejiminə diqqət etmək. Sağlam qidalanmaq insana psixi sağlamlığın qeydinə qalmağa kömək edir.

 

 

                                                                                             Psixoloq Firuzə Qənizadə

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!