+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Anhedoniya nədir?

By Salbina Bunyətova - 5 Feb 2024 502 0 comments
Anhedoniya nədir?

Anhedoniya, motivasiyanın və zövq almaq qabiliyyətinin azalmasıdır. Əvvəllər sadəcə zövq ala bilməmə vəziyyəti vurğulansa da, hal-hazırda tədqiqatçılar tərəfindən motivasiyanın, gözlənilən zövqün (istəmək), istehlak zövqünün azalması (bəyənmə) və s. istinad etmək üçün istifadə olunur. DSM-5-də, anhedoniya depressiv xəstəliklərin, maddə qəbulu ilə əlaqəli pozuntuların, psixotik pozuntuların və şəxsiyyət pozuntularının bir hissəsi kimi qeyd edilir.


Anhedoniyanın yenidən konseptualizasiyası "istəmək" və "bəyənmək" arasındakı fərqi vurğulayır. "İstəmək" həm mükafata nail olmaq üçün motivasiyaya (yəni həvəsləndirmə qabiliyyətinə), həm də mükafat gözləməklə bağlı müsbət emosiyalara vasitəçilik edən, gözlənilən müsbət təsirin bir hissəsidir. "Bəyənmək" isə mükafatdan əldə edilən zövqlə əlaqələndirilir.


Anhedoniya, xüsusən də travmadan sonrakı stress pozuntuları kontekstində "təsir edici kütləşmə", "məhdud təsir dairəsi", "emosional uyuşma" və s. ifadə etmək üçün də istifadə edilmişdir.
Anhedoniya əsasən istəksizlik ilə müşahidə olunan, depressiyanın bir göstəricisidir. Qısa şəkildə ifadə etsək, şəxs daha əvvəl zövq alaraq etdiyi fəaliyyətdən artıq zövq almamağa başlayır. Məsələn, əvvəllər idmanla məşğul olmağı çox sevən və bundan zövq alan bir insan artıq idman edərkən heç zövq almır. Daha sonra bu kimi fəaliyyətləri yerinə yetirmədiyi üçün kefsiz olur və bir müddət sonra da bu vəziyyət təkrarlanan hal almağa başlayır. Şəhər həyatına keçidlə bağlı olaraq anhedoniyanın müşahidə olunduğu hallar da artmağa başlamışdır.

Anhedoniyanın əlamətləri:
Anhedoniya özü psixoloji xəstəliyin bir göstəricisi olduğu üçün onun göstəriciləri kimi yalnız onunla birlikdə müşahidə olunan göstəricilərdən bəhs oluna bilər. Anhedoniya ilə birgə müşahidə olunan göstəricilər:
Kədər - Ümumi istəksizlik halında, şəxs bir müddət sonra etmədiyi fəaliyyətlərə görə kədər hissi keçirir;
Günlük fəaliyyətdə azalma - Şəxs daha əvvəl etdiyi fəaliyyətlərdən zövq almadığı üçün gündəlik fəaliyyətdə azalma müşahidə olunur;
Həddindən artıq yuxu və ya yuxusuzluq - Depresiya əlamətlərindən biri kimi anhedoniya ilə birgə yuxusuzluq və ya qaçış mexanizmi kimi həddindən artıq yuxu müşahidə olunur;
Çəki artması və ya arıqlama - Şəxs zövq almadığı fəaliyyətlərin yerinə həddindən artıq yemə davranışını qoya bilər və ya zövq almadığı üçün yeməkdən də imtina edə bilər.
Düşünmə və hərəkətlərdə yavaşlama - Beyin düşünmə və hərəkət qabiliyyəti üçün sinirlər arasında əlaqə yaradan və neyrotransmitter adlanan hormonlara ehtiyac duyur. Anhedoniya müşahidə olunduqdan bir müddət sonra sinirlər arasındakı həmin hormonların ifrazı azalmağa başladığı üçün düşünmə və hərəkət də yavaşlayır;
Halsızlıq və yorğunluq - Hərəkətlərdə yavaşlama nəticəsində şəxs özünü günün əksər vaxtlarında halsız və yorğun hiss edir;
● Yuxarıda qeyd olunduğu kimi, neyronlararası əlaqənin zəifləməsi diqqət əksikliyinə də şərait yaradır;
Təkrar edən intihar düşüncələri - Həyatdan və edilən fəaliyyətlərdən əvvəlki kimi zövq ala bilməmək və günün əksər hissəsində şəxsin özünü depressiv ruh halında hiss etməsi nəticəsində təkrar edən intihar düşüncələri müşahidə oluna bilir.

Yaranma səbəbləri:
Anhedoniyanın əsas səbəbinin beynin mükafat mexanizmi ilə bağlı olduğu düşünülür. Sinirlər arasında mövcud neyrotransmitterlərdən biri olan dopamin hormonu fəaliyyətin nəticəsində mükafat və ya xoşbəxtlik duyğusu yaradır. Bu hormonun əksikliyi insanda istəksizlik yarada bilər. Anhedoniyanın konkret bir səbəbi olmadığı kimi, bu problem müxtəlif sosial, psixoloji və ya bioloji səbəblərdən qaynaqlana bilir.


Ailə fərdinin (və ya yaxının) itirilməsi - Uşaqlıq dövründə ana və ya atanın itirilməsi gələcək illərdə artan zövq itkisinə və istəksizliyə səbəb ola bilər;
İqtisadi vəziyyətin aşağı olması - Aparılan araşdırmalarda müəyyən olunmuşdur ki, iqtisadi vəziyyətin daha aşağı olduğu cəmiyyətlərdə ümumi olaraq iş həyatında istəksizlik mövcuddur;
Narkotik maddə istifadəsi - Narkotik maddə istifadəsi zamanı həddindən artıq xoşbəxtlik və zövq halı yaranır. Bu haldan sonra şəxs gündəlik həyatda heç bir fəaliyyətdən zövq almamağa başlayır;
Travmatik uşaqlıq dövrü;
● Genetik meyllənmə - Aparılan araşdırmalarda müəyyən olunmuşdur ki, bəzi insanlar genetik olaraq depresiyaya meylli olurlar. Bu insanlarda zamanla anhedoniyanın da yaranması mövcuddur;
● Bəzi dərmanlardan istifadə;
● Hormonal dəyişikliklər;
● Xroniki xəstəliklər və s.


Anhedoniya zamanı yaxşı təsir göstərir:
● Psixoterapiya
● İnsanın özünü tanımağa çalışması
● İdman etmək
● Təbiətlə əlaqədə olmaq
● İncəsənətlə məşğul olmaq
● Düzgün vücud kütlə indeksinə sahib olmaq
● Keyfiyyətli yuxu
● Sosial əlaqələrin artması və güclənməsi və s.

Anhedoniya zamanı mənfi təsir göstərir:
● Tütün və spirtli içki istifadəsi
● Narkotik maddə isdifadəsi
● Keyfiyyətsiz yuxu
● Eyni problemə sahib insanlarınçevrəsində olmaq
● Yalnız qalmaq
● Oturaq həyat
● Obezite və s.

Anhedoniya və depressiyanın konkret olaraq bilinən müalicə metodu mövcud deyil. Xəstəyə uyğun olaraq tibbi metodlardan, psixoterapiyalardan, koqnitiv bihevioral terapiya və s. kimi terapiya metodlarından istifadə olunur.

Depressiya və xüsusilə onun bir göstəricisi kimi anhedoniya müalicə olunmadığı təqdirdə çox ciddi problemlərə səbəb ola bilər. Bu psixi problemlərə malik şəxs alkoqol və narkotik maddələrdən istifadəyə yönələ, sosial əlaqələrində və iş, ailə həyatında problemlər yarana və ən son səviyyədə intihara təşəbbüs göstərə bilər.

Qeyd: Hər hansı bir xəstəliyin bəzi göstəricilərinə sahib olmaq hələ həmin xəstəliyə sahib olmaq demək deyil. Əgər bu göstəricilərə sahibsinizsə, psixoloji müayinədən keçməyiniz məsləhətlidir.
 

Psixoloq Salbina Bunyətova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!