Mən xəstəyəm?

Müəllif ( Rahidə Şahverdiyeva ) - 31 Mar 2023 547 0 şərhlər
Mən xəstəyəm?

İpoxondriya və ya xəstəlik xəstəliyi nədir?


İpoxondriya və ya xəstəlik xəstəliyi kimi də bilinən psixoloji problem insanın özündə heç bir xəstəlik olmamasına baxmayaraq, daimi narahatlıq, xəstə olacağı ilə bağlı düşüncələrlə və həkim müayinələrinə müraciət etmələri şəklində özünü göstərir. Bu pozuntuya sahib insanlar normal bədən əlamətlərinə ( tərləmə, həzm sisteminin işi) həddindən çox diqqət yetirir və bu əlamətləri hər hansı bir ciddi xəstəliyin göstəricisi kimi qəbul edirlər. Cəmiyyətdə yayılması təxminən 0,1% təşkil edir. İpoxondriya hər yaşda və hər cinsdə rast gəlinə bilər, lakin işsiz və təhsil səviyyəsi aşağı olan şəxslərdə daha çox görülə bilər. Xəstəliyin meydana çıxmasında valideynlərin uşaq yetişdirmədə göstərdikləri davranış forması, milli-mədəni amillər, daha öncədən yaşanmış olan hər hansısa ciddi və ya ağır xəstəlik kimi faktorlar da əhəmiyyətli dərəcədə ciddi rol oynayır. Hər bir insanın öz sağlamlığına diqqət etməsi lazımlıdır, ancaq bu diqqət insanın dərs, iş, sosial münasibətlər kimi həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə maneə yardırsa biz artıq bu halı pozuntu kimi dəyərləndirməliyik. İpoxondriyadan əziyyət çəkən şəxslər daimi olaraq həkimə müraciət edirlər və əslində heç bir xroniki və ya ağır xəstəliklərinin olmadığı müəyyən edilir. Bütün bunlara baxmayaraq pozuntuya sahib şəxsin xəstəliklə bağlı qorxu və narahatlığı azalmır.


İpoxondriyanın növləri
İpoxondriyadan əziyyət çəkən şəxslər iki formada davranış sərgiləyə bilərlər.

  • Qulluq axtaran tip: pozuntuya sahib olan bu şəxslər daimi həkim müayinəsində olur, özlərində ola biləcək hər hansısa xəstəliklə bağlı daimi araşdırma aparır, genetik olaraq yarana biləcək bütün xəstəliklərə görə müalicə olunmaq istəyir.
  • Qulluqdan qaçan tip: bu şəxslər isə digər tipdən fərqli olaraq, həkim müayinəsindən və ya istənilən tibbi testlərdən imtina edirlər. Bunun əsas səbəbi isə onlarda olan hər hansı ciddi və ya ağır xəstəliyin ortaya çıxması qorxusudur.

Hiss edilən qayğının təbiətinə bağlı olaraq fikirləri dəyişiklik göstərə bilər. Bəzi xəstələr keçirdikləri təşviş və narahatlıqdan əl çəkməsələr də, bəziləri yaşadıqları qorxunun əsassız olduğunu qəbul edir, lakin yenə də bu narahatlığın qarşısını ala bilmirlər.
Əvvəldə də qeyd etdiyimiz kimi, ipoxondriya zamanı xəstəlik əlamətləri yoxdur varsa da çox az olur. Bununla yanaşı şəxs əziyyət çəkdiyi xəstəliklə bağlı reallığa uyğun gəlməyən bir qorxu hissi yaşayır və bu halı nəzrətdə saxlamaq üçün bəzi davranışlar həyata keçirir.
Yoxlama və təminat axtarma davranışları:

  •  Simptomların yoxlanılması üçün təkrarlanan həkim müayinələrinə getmək
  •  Qoyulmuş diaqnozun doğru olub-olmadığını yoxlamaq üçün fərqli həkimlərə müraciət etmək
  •  Müəyyən bir əlamət haqqında məlumat tapmaq üçün təkrar edən internet axtarışları
  •  Əlamətləri tez-tez başqalarına danışmaq
  •  Qorxu duyulan problem haqqında təkrarlanan mübahisələr və ya eyni sualları soruşmaq.
  •  Tez-tez ürək ritmini, qan təzyiqini, temperaturu ölçmək

Bütün bunlarla yanaşı xəstələr təhlükəsizlik üçün xəstəxana ya müəyyən bir uzaqlıqda olmağa çalışırlar. Hər zaman əllərinin altında dərman saxlamaq kimi qoruyucu olduğunu düşündükləri davranışlar göstərirlər.


Xəstəliyin müalicəsi necə aparılmalıdır?
Əvvəlcədən qeyd edək ki, xəstəliyin müalicəsində xəstələrin ilkin olarq müraciət etdikləri həkimin rolu böyükdür. Aparılan müayinələr və testlərin nəticəsində həkim belə xəstələri psixiatra və ya bir psixoloqa yönləndirməlidir. Bu halda da xəstələrin tam rahatlığını təmin etmək, onları razılığa salmaq üçün həkim və xəstə münasibətinin necəliyi əhəmiyyətlidir. Psixoterapiyada xəstələrin real şəraitə uyğun olmayan inanclarını və davranışlarını dəyişdirməklə müalicə aparılır.

 

Psixoloq Rahidə Şahverdiyeva

 

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!