Konversion pozuntu nədir?

Müəllif ( Firuzə Qənizadə ) - 13 Feb 2023 2007 0 şərhlər
Konversion pozuntu nədir?

Konversion (dissosiativ) pozuntu ölkəmizdə də tez-tez rast gəlinən psixi narahatlıqlardandır. Konversion pozuntu müxtəlif psixoloji narahatlıqların (kədər, qorxu, utanma, qəzəb) fiziki problemlərə (nitq problemi, ürəkgetmə, özündən getmə, iflic, zəiflik, hissiyyatın itirilməsi və s.) çevrilməsi ilə xarakterizə olunur. Bu pozuntuya sahib şəxslərdə aparılan bütün tibbi müayinələrə baxmayaraq, bu simptomlara səbəb ola biləcək fiziki xəstəlik aşkar edilmir. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əsasən yeniyetmə və gənclik dövründə müşahidə olunur.

Konversion pozuntuda huşunu itirmə, özündən getmə ən çox rast gəlinən əlamətdir. Adətən bu zaman şəxs həkimə müraciət edir. Huşunu itirmə epileptik tutmalara, qıcolmalara bənzəyə bilər. Bu cür simptomlar tez-tez başqa insanlarla birlikdə olduqda baş verir; Şəxs yavaş-yavaş və zədə almayacaq şəkildə yerə yıxılar. Özündən getmə zamanı şəxs ətrafında danışılanları, söhbətləri eşidir, lakin cavab verə bilmir və bu müddət uzana bilir. Bəzi şəxslər huşunu itirmə halından sonra yüksək səslə ağlayaraq özünə gəlir. Özünə gəldikdə, aqressiv davranış, saçını yolmaq və üzünə vurmaq kimi əlamətləri görünə bilər. Konversion pozuntuda görülə bilən digər əlamətlər arasında keyimə, uyuşma, hərəkətsizlik (qolu və ya ayağını hərəkət etdirə bilməmək) və ya gücsüzlük, danışa bilməmək, korluq daxildir.

Səbəbləri: Konversion pozuntu bəzi fərdlərin müxtəlif zehni çətinliklər, yəni insanın öhdəsindən gələ bilmədiyi problemlər, ətraf mühit hadisələri (ailə problemləri, zorakılığa məruz qalma, travmatik təcrübə və ya hər hansı bir hadisədə özünü günahlandırma və ya başqaları tərəfindən günahlandırılma) qarşısında reaksiya verməsidir. Konversion pozuntuda əlamətlər (özündən getmə, danışa bilməmək, korluq və s.) insana müvəqqəti olaraq mənfi emosiyalardan uzaqlaşmağa imkan verən müdafiə mexanizmidir. İnsan şüurlu şəkildə güclü neqativ emosiyalara (qəzəb, kədər, utanc, qorxu və s.) məruz qaldıqda əlamətlər ortaya çıxır. Konversion pozuntuya sahib olan insanlar əsasən ətrafı ilə ünsiyyət qura bilməyə və problemlərini paylaşa bilməyən insanlar olur və problemlərini bədənlərinə əks etdirir və müəyyən mənada problemlərini bədənləri ilə ifadə edirlər.

Müalicə: Konversion pozuntunun əsas müalicəsi psixoterapiya (danışıq terapiyası) ilə aparılır. Psixoterapiya zamanı şəxsdə çətinlik yaradan problemlərin həlli və problemlər qarşısında konversion reaksiya əvəzinə daha yetkin cavabların verilməsi üzərində işlənilir.

Ailə və yaxınları bu insanlara yalnız pozuntunun əlamətləri olduqda (yəni yalnız huşunu itirdikdə, dilini tutduqda və s.) qayğısına qalmaları problemin davam etməsinə səbəb olur. Bu səbəbdən ailənin ümumi olaraq bu insana uyğun və dəstəkləyici bir yanaşma göstərməsi və pozuntu əlamətləri olduğu halda konkret münasibət dəyişikliyi göstərməməsi faydalı olardı. Müalicənin uğurlu olması üçün ailənin psixoterapevtlə müalicədə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

 

Psixoloq Firuzə Qənizadə

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!