+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Konkord effekti nədir?

By Sərvanə Aslanlı - 11 Jul 2026 20 0 comments
Konkord effekti nədir?

 

Konkord effekti: Bəzən niyə artıq bizə fayda verməyən şeylərdən imtina edə bilmirik? 

Həyatımızda elə qərarlar olur ki, bir müddət sonra artıq onların bizə yaxşı hiss etdirmədiyini anlayırıq. Buna baxmayaraq həmin qərardan geri dönmək, başladığımız yolu dəyişmək bizə çox çətin gəlir, çünki içimizdə bir səs deyir, bu qədər əziyyət çəkmişəm, indi necə geri dönüm?  Bu qədər vaxt sərf etmişəm. İndiyə qədər etdiklərim hamısı boşa çıxacaq. Məhz bu düşüncə Konkord effekti ilə əlaqələndirilir.

Konkord effekti insanın keçmişdə sərf etdiyi vaxtı, pulu, enerjini və emosional resursları əsas götürərək artıq ona fayda verməyən və hətta zərərli olduğu görünən bir qərarı davam etdirməyə meyilli olmasıdır. 

Burada insan daha çox gələcəkdə nə qazanacağını deyil, keçmişdə nə qədər vaxt sərf etdiyini düşünür.  Məsələn, insan illərdir sevmədiyi bir işdə çalışır. Zamanla bu işin ona uyğun olmadığını, özünü tükənmiş hiss etdiyini başa düşür. Amma işi dəyişmək haqqında düşünəndə belə fikirlər yaranır, bu qədər il oxumuşam.  

Bu qədər təcrübə toplamışam,indi dəyişsəm, bütün zəhmətim boşa çıxacaq. Nəticədə insan sevmədiyi bir işdə qalmağa davam edir. Bu vəziyyət yalnız iş həyatında deyil, həyatımızın bir çox sahəsində qarşımıza çıxa bilər. 

Münasibətlərdə- İnsan artıq özünü xoşbəxt hiss etmədiyi, davamlı mübahisə yaşadığı münasibəti yalnız illərdir davam etdiyi üçün bitirməyə bilər. 

Bu qədər ilimi bu münasibətə vermişəm, indi necə ayrılım? 

Bəzən insan münasibətin özünə deyil, həmin münasibətə sərf etdiyi illərə, xatirələrə və qurduğu gələcək xəyalına bağlanır. İş həyatında-İnsan özünü inkişaf etdirə bilmədiyi və artıq ona uyğun olmadığını düşündüyü işdə uzun müddət qala bilər.

Bu sahəyə illərimi vermişəm, indi başqa istiqamətə keçmək gecdir. 

Halbuki insanın bir sahədə topladığı təcrübə mütləq həmin sahədə ömür boyu qalmalı olduğu anlamına gəlmir. Təhsildə bəzən seçdiyimiz ixtisasın bizə uyğun olmadığını anlayırıq, amma, illərdir oxuduğumuz üçün istiqaməti dəyişməkdən çəkinirik. 

İndiyə qədər oxuduqlarım boşa çıxar, maddi qərarlarda nəticə vermədiyi artıq görünən bir layihəyə və ya işə yenidən pul xərcləmək də bu meyillə əlaqəli ola bilər.  Bu qədər pul qoymuşam, indi dayansam, hamısı itəcək.

Halbuki həmin pul artıq xərclənib. Əsas sual bundan sonra nə qədər itirəcəyimiz və davam etməyin bizə nə qazandıracağıdır. Hətta gündəlik həyatda belə bunun kiçik nümunələrini görə bilərik. Məsələn, həzz almadığımız bir filmi və ya kitabı sırf başladığımız üçün sona qədər davam etdiririk. 

Bəs insan niyə belə davranır?

Çünki insan üçün etdiyi seçimin səhv olduğunu qəbul etmək həmişə asan deyil. Bəzən əvvəlki cəhtlərmzdən boşa getdiyini düşünmək istəmirik. Bəzən itirdiklərimizi geri qaytarmaq istəyirik. Bəzən də “bəlkə düzələr” ümidi bizi eyni yolda saxlamağa davam edir. Xüsusilə emosional münasibətlərdə xatirələr, bağlılıq, ümid və illər ərzində qurulan həyat insanın qərar verməsini daha da çətinləşdirə bilər.

Amma burada çox vacib bir məqam var:Keçmişdə sərf etdiyimiz zaman və enerji gələcəkdə verəcəyimiz qərarın yeganə səbəbi olmamalıdır.  Çünki keçmişdə verdiyimiz qərarı dəyişmək həmin illəri geri qaytarmır. Amma eyni qərarı davam etdirmək gələcəkdə daha çox vaxt və enerji itirməyimizə səbəb ola bilər.

Bəzən insan düşünür: İndi vaz keçsəm, deməli, bütün bunlar boşuna olub. Əslində isə belə deyil. Yaşadığınız münasibət sizə öz ehtiyaclarınızı tanımağı öyrətmiş ola bilər. Seçdiyiniz iş nəyin sizə uyğun olmadığını göstərmiş ola bilər. Sərf etdiyiniz illər şəxsimizə təcrübə qazandırmış ola bilər. Hər şey istədiyimiz nəticə ilə bitməsə belə, yaşadıqlarımızın bizə öyrətdiyi bir şey ola bilər. 

Bəs özümüzə hansı sualları verə bilərik?

Belə vəziyyətlərdə özümüzə bir neçə sadə sual vermək faydalıdır: 

  • Əgər bu qərarı bu gün verməli olsaydım, yenə də bunu seçərdimmi?
  • Keçmişdə sərf etdiyim vaxt və pul olmasaydı, yenə də bu vəziyyətdə qalmaq istəyərdimmi? 
  • Mən bunu, həqiqətən, istədiyim üçün davam etdirirəm, yoxsa sadəcə boşa getməsin deyə?
  • Bu qərarı davam etdirmək mənə gələcəkdə nə qazandıracaq?
  • Burada qalmağın mənə emosional, maddi və psixoloji qiyməti nədir?

Bəzən bir şeyi buraxmaq məğlub olmaq deyil. Bəzən insanın özünə verdiyi ən sağlam qərar artıq ona xidmət etməyən bir yoldan çıxmaqdır. Unutmayaq ki, bir şeyi uzun müddət davam etdirməyimiz, onun doğru olduğu anlamına gəlmir. Keçmişdə sərf etdiyimiz zaman gələcəyimizi müəyyən etməyə məcbur etmir.

Artıq bu qədər vaxt sərf etmişəm şüarından uzaqlaşıb özümüzdən soruşmaq lazımdır: Bundan sonra həyatımı necə yaşamaq istəyirəm?

Çünki, keçmişdə itirdiklərimizi geri qaytara bilmərik. Amma bundan sonra daha çox itirməmək üçün seçim edə bilərik.

Qeyd: Konkord effekti psixi xəstəlik və ya ayrıca psixiatrik diaqnoz deyil. Bu, qərarvermə zamanı müşahidə olunan psixoloji meyildir və “batmış xərc yanılgısı” anlayışı ilə sıx əlaqəlidir. Hər hansı bir qərarı dəyişdirməyin doğru olub-olmaması isə konkret vəziyyətin obyektiv şəkildə qiymətləndirilməsindən asılıdır. 

 

  Psixoloq Sərvanə Aslanlı

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!