+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Hospitalizm nədir?

By Salbina Bunyətova - 14 Mar 2024 201 0 comments
Hospitalizm nədir?


Hospitalizmin əlamətləri

Hospitalizm autizmdən öncə araşdırılmağa başlamışdı. 1930-cu illərdə bu sahədə aparılan tədqiqatlar sonrakı onillikdə autizmin öyrənilməsinə təkan verdi. Uzunmüddətli qurumsal (institutional) qayğının uşaqlara vurduğu zərərin sənədləşdirilməsi insan inkişafı ilə bağlı yeni konsepsiyanın formalaşması ilə nəticələndi.

Uşaq evlərində, sığınacaqlarda və ya xəstəxana tipli müəssisələrdə qalan kiçik yaşlı uşaqlarda diqqətsizlik və laqeydlikdən tutmuş təkrarlanan hərəkətlərə qədər bir çox autizmə bənzər davranışlar müşahidə edilirdi. Uşaq həyatının ilk dövrlərində aşkar edilən bu problemlər çox vaxt pis sanitariya, qidalanma və ya epidemik xəstəliklərlə əlaqələndirilir və uşaq ölümlərinin yüksək dərəcədə artması ilə nəticələnirdi. Lakin bu problemlərdən əziyyət çəkən uşaqlar yaxşı qidalanmalarına, təmiz və infeksiyadan azad olmalarına və bəzi xəstəxanalarda ən qabaqcıl texnologiyalardan istifadə olunmasına baxmayaraq, yenə də onları narahat edən bu göstəricilər müşahidə olunurdu. Hospitalizm tədqiqatçıları təşviq etdi ki, inkişaf normal və qeyri-normalı özündə birləşdirən bir proses kimi qiymətləndirilsin. Nəticədə, bu fiziki cəhətdən sağlam uşaqların koqnitiv problemlərlə üzləşməsi fikrini mümkün etdi və diqqətləri erkən inkişaf dövrlərində emosional inkişafa yönəltdi.

Əslində hospitalizm 20-ci əsr üçün yeni anlayış deyildi. Xəstəxana binalarının xəstəliyi müalicə etmək və ya azaltmaq əvəzinə daha da artıra biləcəyi haqqında şübhələr 18-ci əsrin sonlarında Avropada yayılmışdı və 19-cu əsrdə xəstəxana binalarının bir çoxu bu sendromu aradan qaldıracağına ümid edilən şəkildə dizayn olunurdu. 1900-cu illərdən hospitalizm tədqiqatçıların diqqətini xəstəxanaların məkan dizaynından sosial təşkilinə yönəltdi. 1897-ci ildə pediatr Floyd Crandall hospitalizmi "çox ağır vəziyyət", "sətəlcəm və difteriyadan daha ölümcül" kimi səciyyələndirmişdi. 20-ci əsrin əvvəllərində bu terminlə yanaşı "aclıq effekti", "analitik depressiya", "inkişafdan qalma", "körpələrdə tənhalıq" kimi terminlərdən də istifadə olunurdu.


Hospitalizmlə bağlı aparılmış əhəmiyyətli tədqiqatlarda digər həkim və psixoloqlarla yanaşı David Levy, William Goldfarb, Margaret Ribble və Rene Spitz xüsusilə fərqləndirilir. Erkən tətqiqatlar 1920-30-cu illərdə yəhudi uşaq təşkilatları tərəfindən aparılmışdır. Onlar bu uşaqlarda digərlərindəki kimi xarici dünya ilə əlaqə qurma və böyümə həvəsi olmadığını müşahidə etmişdilər. Bu uşağın saxlanıldığı müəssisənin özünün şəxsiyyətin bütün aspektlərində ümumiləşmiş geriləmə və əksikliklərə səbəb ola biləcəyi haqda narahatlıq doğuran nəticələrə gətirib çıxardı. Ən pisi də o idi ki, bəzən hətta uşaq müəssisədən çıxarıldıqdan sonra belə təsirlər qalmaqda davam edirdi. Beləliklə, hospitalizmlə bağlı tədqiqatlar institusional uşaq baxımını ləğv etmək və sağlam inkişafa şərait yaradan yeganə mühit kimi ailə evlərini üstün tutmaq haqda fikirləri gücləndirdi.


Hospitalizmin əlamətləri uşaqlarda fərqli şəkildə özünü göstərə bilər. Lakin bu uşaqlarda ümumi şəkildə aşağıdakı əlamətlər müşahidə olunur:

ətraf aləmə marağın azalması;
laqeydlik;
oturduqları yerdə yellənmək;
başlarını yelləmək və ya bir yerə vurmaq;
qıcıqlanmaya gec reaksiya verilməsi;
barmaq əmmək;
çəki itirilməsi;
boy artımının dayanması;
psixi inkişaf geriliyi;
fiziki inkişaf geriliyi;
bağlanma pozuntusu və s.



Əlamətlərin tez fərqinə varılması ilə xəstəliyin daha çox inkişaf etməsinin qarşısını almaq mümkündür. Uşağı həmin mühitdən uzaqlaşdırmaq, ev şəraiti, yüksək diqqət və qayğı göstərilməsini təmin etmək atılacaq ilk addım olmalıdır. Bu uşaqlara daha sonralar yaxşı baxılsa da, xəstəliyin göstəriciləri tam itmir. Onlar yaşıdlarından fərqlənirlər.

Psixoloq Salbina Bunyətova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!