
Hər bir insan həyatının müxtəlif dövrlərində fərqli emosiyalar yaşayır. Bəzən özünüzü ruhən zəif, ümidsiz və kədərli hiss edirsiniz, bəzən isə kiçik bir hadisə belə gününüzü işıqlandıra bilir. Düşüncə tərziniz — pozitiv və ya neqativ olması — gündəlik həyatınıza, münasibətlərinizə və ümumi sağlamlığınıza təsir göstərə bilən bir amildir.
Neqativ düşünmək, davamlı olaraq kədərli musiqilərə qulaq asmaq, ağır filmlər izləyib özünüzü emosional baxımdan yükləmək ilk baxışdan sadə vərdişlər kimi görünə bilər. Amma zamanla bu vərdişlər insanın daxili aləmini qaralda, stressi artıra və psixoloji gərginlik yarada bilir. Həyatda baş verən hadisələri daim mənfi tərəfdən qiymətləndirmək insanı passivləşdirir, motivasiyasını azaldır və özünü dəyərsiz hiss etməsinə səbəb olur.
Bəs yalnız pozitiv düşünmək kifayətdirmi? Hər şeyə müsbət baxmaq həyatınızı tamamilə dəyişirmi? Bəli, pozitiv düşüncə insanın enerjisini artırır, onu məqsədlərinə yaxınlaşdırır və çətinliklərə qarşı daha dözümlü edir. Ancaq bu, o demək deyil ki, yalnız yaxşı şeylər baş verəcək. Pozitiv olmaq problemləri inkar etmək deyil, onların öhdəsindən gəlmək üçün güc toplamaqdır. Reallığı qəbul edərək, ümidi itirmədən, çıxış yolları axtarmaq — sağlam pozitiv düşüncənin əsasıdır.
Əslində balanslı düşüncə tərzi ən doğrusudur. Hisslərimizi bastırmadan, nə çox neqativ, nə də süni şəkildə pozitiv olmaq, özümüzlə səmimi qalaraq həyatın axarını düzgün yönləndirmək mümkündür. Unutmayaq ki, düşüncələrimiz davranışlarımızı, davranışlarımız isə həyat keyfiyyətimizi formalaşdırır.
Psixoloq Fidan Abasova
Tags: pozitiv düşüncə düşüncələrin gücü sağlam pozitivlik emosional balans Motivasiya yaxşı psixoloq psixologiya Psixologiya Mərkəzi həyat keyfiyyəti özünü kəşf etmək fərdi inkişaf stressin idarəsi korporativ psixologiya b2b orporativ psixologiya

Write a comment