+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Çox xəyal qurmaq

By Salbina Bunyətova - 22 Jan 2024 806 0 comments
Çox xəyal qurmaq

Xəyal yoxsa psixoloji pozuntu?

İnsanların bir çoxu gündəlik həyatlarının bir hissəsini xəyal qurmaqla keçirirlər. Bu xəyallar onların gələcəkdə etmək istədikləri, hazırki problemlərinin həlli və s. ilə bağlı ola bilir. Hətta bəzən vacib danışıqlardan öncə yarana biləcək situasiyanı xəyallarında canlandıran insanlar, sanki orada olduqlarını təsəvvür edərək hərəkət edir, danışır, düşünürlər. Və ya bəzən oxuduqları kitab, izlədikləri film onlara elə dərindən təsir edir ki, özlərini obrazların yerində təsəvvür edirlər. Bütün bu xəyallar müəyyən mənada faydalı hesab olunur və insan inkişafını dəstəkləyir. Lakin bəzi hallarda xəyal qurma böyük bir psixoloji problemə, hətta pozuntuya çevrilə bilər.

Maladaptive daydreaming dilimizə "qeyri-adaptiv xəyal qurma" kimi tərcümə edə bilər. Bu anlayış 2002-ci ildə psixologiya elminə qazandırılsa da, hələ rəsmi şəkildə psixoloji pozuntu kimi tanınmayıb və "Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı" (Diagnostic and Statistical Manual of Mental Disorders - DSM) kitabının hazırki 5-ci versiyasına daxil edilməmişdir. Qeyri-adaptiv xəyal qurmanın səbəbləri bilinməsə də, depresiya, obsessiv - kompulsiv pozuntu, təşviş pozuntusu və s. kimi psixoloji problemlərlə birlikdə müşahidə oluna bilir.

Gündəlik həyatın böyük bir hissəsini ələ keçirən, insanın münasibətlərinə, real həyatdakı fəallığına, şəxsiyyətin inkişafına ziyan vuran xəyal qurma prosesi təhlükə kimi qarşımıza çıxır. Xəyallar şirin olduğu və insanı real həyatın problemlərindən uzaqlaşdırdığı üçün bir çoxları psixikalarında gedən dəyişikliyin fərqinə varmır.

Qeyri-adaptiv xəyal qurma prosesi normal xəyallardan fərqli xüsusiyyətə malik olur. Belə xəyallar davam edən sujet xəttinə və müəyyən daimi obrazlara malik olur. Obrazlar arasında hadisələr, dialoqlar qurulur. Bir çox hallarda xəyalın baş obrazı xəyal quran şəxsin "İdeal Mən"i olur. Bu zaman xəyal qurma prosesi insanın gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilir. Əvvəlcə boş vaxtlarını xəyal qurmaqla keçirən insan bir müddət sonra işlərini görməkdə çətinlik çəkir və real həyat hadisələrinə fokuslana bilmir. Normal bir gündə qurduğu xəyallardakı hadisələrdən asılı olaraq əhvalı dəyişilir; bəzən özünü çox şən, əksər hallarda isə kədərli hiss edir.

Qeyri-adaptiv xəyal qurma insanın cəmiyyətdən tədric olunub özünə qapanmasına, sosial əlaqələrinin zəifləməsinə, yuxu problemlərinə, reallıq hissinin itirilməsinə səbəb olur. Qurduğu dünyadan fərqli olaraq real həyatdakı hadisələrin asanlıqla idarə olunub dəyişdirlə bilməməsi ona çətin gəlir. Çünki real həyatda istəklərinə çatmaq üçün çalışmalı və efort sərf etməlisən.

Bu insanlar öz "Mən"lərini xəyallarında ideallaşdırdıqları üçün real "Mən"ləri ilə qarşılaşdıqda ona ikrah hissi ilə yanaşır, bir müddət sonra özlərinə nifrət edirlər. Xəyallar isə onları sakitləşdirən tək çıxış yolu kimi görünür və hər gün həyatlarının daha çox hissəsini ələ keçirən asılılığa çevrilir.

Bu problemdən əziyyət çəkən insanlar tez-tez yaxınlarına və ya mütəxəssislərə şizofren olduqlarından şübhələndiklərini deyir, bu haqda araşdırmalar aparırlar. İnternetdəki məlumat kirliliyi bir çox hallarda onların qayğılarını daha da artırır.

Maladaptive daydreaming simptomları:

- Müəyyən hekayə, obrazlar, sujet xəttinə malik olan intensiv və canlı xəyallar qurmaq;
- Real həyat hadisələri və ya sensor stimullarla işə keçən xəyallar;
- Xəyallarla əlaqəli şüursuz mimikalar, təkrarlanan hərəkətlər, pıçıltı və ya danışıq;
- Bir neçə dəqiqədən bir neçə saata qədər davam edən xəyal qurma;
- Xəyal qurmaq üçün güclü istək hiss etmək asılılığı;
- Gündəlik işləri yerinə yetirmək üçün diqqəti mərkəzləşdirə bilməmək;
- Yuxu problemləri;


Bu simptomlardan bir neçəsinin birgə müşahidə olunması xəyal qurma pozuntusunun mövcudluğundan xəbər verə bilər. Qeyd etmək lazımdır ki, tədqiqatlara görə, bu problemi yaşayan insanların bir çoxu fərqində olmadan günlərinin 4.5 saatdan çoxunu xəyal qurmaq və ya xəyallarını detallandırmaqla keçirirlər. Xüsusi müalicə proqramı olmasa da, bəzi vərdişlərin formalaşdırılması problemin öhtəsindən gəlməkdə faydalı ola bilər.

Simptomların azalmasına və ya aradan qaldırılmasında faydalı olan faktorlar:

- Keyfiyyətli yuxu rejmi real həyata adaptasiya və açıq düşüncə üçün çox vacibdir. Ən az 7 saat yuxu, yatmazdan əvvəl rahatladıcı rituallar, gündəlik idman və təmiz qidalanma yuxu keyfiyyətinin artmasına şərait yaradır;

- Xüsusən səhərlər gün işığı almaq, gündə ən çox 400 milliqram olmaqla kafein qəbulu (ən gec yatmazdan 6 saat əvvəl);

- Simptomların fərqinə varmaq onların öhtəsindən gəlməkdə mühüm rol oynayır. Qeyd dəftərçəsi və ya mobil proqramlardan istifadə etməklə xəyal qurma prosesindən əvvəl nə etdiyinizi və sizi bu prosesə nəyin təhrik etdiyini qeyd etmək çox faydalıdır. Beləliklə gələn dəfələrdə bu situasiya yarandıqda xəyal qurma prosesinə maneə olmaq üçün nə isə edə bilərsiniz;

- Dostlarınız və ya ailə üzvlərinizə simptomlarınız haqqında məlumat verin. Beləliklə onlar siz müşahidə edə və xəyala qapıldığınız zamanlarda müdaxilə edə bilərlər;

- Psixoloqa müraciət edin. Terapiya prosesi qeyri-adaptiv xəyal qurma probleminin altında yatan səbəbləri - travmaları aşkarlamaqda kömək ola bilər. Eyni zamanda, terapistin köməyi ilə xəyallardakı pis sonluqlu sujetləri, yaxşı sonluq ilə əvəz etmək olar. Bu xəyal quran zaman əhvalın korlanmasının qarşısını ala bilər.

- Burada və indi. Xəyal qurmağa başladığınızı hiss etdikdə indiki ana və olduğunuz məkana fokuslanmağa çalışın. Bunu etmək üçün ətrafınızdakı səsləri dinləyə, havanı qoxlaya və ya əşyalara diqqət edə bilərsiniz. Duyğu üzvləriniz real dünyada qalmaqda sizə yardım edəcəkdir.

Beləliklə, xəyal qurmaq nə qədər zövqlü olsa da, sizi real həyatdan uzaqlaşdıran, şəxsiyyətin inkişafına maneə olan zərərli vərdişlərdən birinə çevrilə bilər. Xüsusilə də intensiv şəkildə serial, film izləmək, gün boyu musiqi dinləmək bu prosesi şiddətləndirə bilər. Klassik musiqi dinləmək, sağlam qidalanmaq, idmanla məşğul olmaq, şəxsi inkişafa can atmaq və hobbilərə vaxt ayırmaq anda qalmaqda yardım olacaqdır.

Real həyat bəzən qorxulu, üzücü və çətin gələ bilər, lakin onu qəbullanmadan yaşamaq, mübarizə aparmaq mümkün deyil. Çətinliklər yalnız qəbul edildikdə aşılır, əks təqdirdə onlara baxana qədər insanı təqib etməkdə davam edir. Xəyallar anlıq rahatlama gətirsə də, uzun müddət sonra, həyatı daha çətin hala gətirə bilər.

 

Salbina Bunyatova
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!