Bulimiya nədir?
Bulimiya ciddi və potensial olaraq həyati riskə yol aça biləcək yemə pozğunluğudur. Bulimiya xəstələri nəzarətsiz şəkildə böyük miqdarda qida qəbul edir və bu prosesi saxlamaqda çətinlik çəkirlər. Yemə prosesi pozuntudan əziyyət çəkən şəxslərdə çox zaman 2 saata yaxın bir müddətdə davam edir. Bəzi insanlarda isə bu prosesi qısa fasilələrlə tez-tez yemə şəklində özünü göstərə bilər. Bu yemə krizləri zamanı aldıqları artıq çəkilərdən sağlam olmayan yollarla yaxa qurtarmağa çalışırlar. Bulimiklər bunun üçün süni yolla qusma aktı həyata keçirə, işlədicilərdən, sidik qovuculardan istifadə edə bilərlər. Bunlarla yanaşı oruc, ciddi dieta, sağlamlığa zərər verə biləcək dərəcədə çox idmanla məşğul olan şəxslərdə vardır. Bulimiyadan əziyyət çəkən şəxslər çox vaxt öz çəki və bədən quruluşlarına görə narahatlıq hiss edirlər. Bu insanlar sahib olduqlarını düşündükləri qüsurlara görə özlərinə qarşı sərt və ciddi neqativ düşüncələrə sahibdirlər.
Bulimiyanın yaranmasında əsas səbəbləri?
Bulimiyanın meydana çıxmasında əsas səbəb hələ tam şəkildə dəqiqləşdirilməyib. Digər yemə pozğunluqlarında olduğu kimi bulimiyanın da yaranmasında bioloji, sosial, psixoloji amillər əhəmiyyətli rol oynayır.
Bioloji səbəblər: tədqiqatlar göstərir ki, qidadan aslılıqla bağlı yaranan gen mutasiyaları aclıq və toxluqla bağlı impulsların hipotalamusa ( iştaha nəzrət edən sahə) ötürülməsinə mane olur. Eyni zamanda aparılan bəzi araşdırmalar serotonin miqdarının aşağı olmasının da kompulsiv yemədə əsas rol oynadığını göstərir.
Sosial səbəblər: insanlara çəkilərinin az olması ilə bağlı edilən sosial təzyiq bulimiklərin utanc hissi keçirmələrinə səbəb olur. Bunun nəticəsində də emosional şəkildə yemək yemə davranışları meydana çıxır. Eyni zamanda valideynlərin mükafatlandırma üçün yeməkdən istifadəsi bulimiyanın yaranmasına gətirib çıxara bilər.
Psixoloji səbəblər: ümumiyyətlə qida pozuntuları az və ya çox dərəcədə depressiya ilə əlaqəlidir. Bulimiklərin bir qismi bu prosesdən əvvəl və ya sonra depressiv hal yaşaya bilərlər. Özünüqiymətləndirmənin aşağı olması, tənhalıq və ya bədən görünüşündən narazı olmaq da bulimiyanın yaranmasına şərait yaradır.
Qadınlarda bulimiyanın görülmə sıxlığı kişilərə nisbətən daha çoxdur. Bulimiya əsasən yeniyetməliyin sonunda və ya yetkinliyə keçid dövründə başlayır. Dieta ilə məşğul olan insanlarda yaranma riski daha çoxdur. Həmçinin yaranmasında travmatik hadisələrin olması, yaxın birinin itirilməsi, iş, təhsil kimi xarici amillərin təsiri də böyükdür.
Bulimiya hansı fəsadlara səbəb olur?
- Özünəhörmət əksikliyi
- Münasibətlərdə problemlər
- Alkoqol və narkotik maddə istifadəsi
- Təşviş pozuntusu, depressiya, bipolyar pozuntu
- Aritmiya və ya ürək çatışmazlığı kimi fizioloji xəstəliklər
- Özünə zərər vermə davranışları
- Diş çürüməsi və ya dişəti xəstəlikləri
- İntihar düşüncələri və ya cəhdləri.
Bulimiyanın müalicə üsulları nələrdir?
Bulimiklərdə yemə davranışı üzərində nəzarət olmadığı üçün bu problemi tək həll etmələri çox vaxt mümkün olmur. Bu halda ən doğru qərar isə mütəxəssis yardımı almaqdır. Bulimiyadan əziyyət çəkən insanlarla psixoloq, psixiatr, qidalanma üzrə mütəxəssis, və lazım gələrsə cərrah paralel şəkildə işləməlidir. Müalicə zamanı sadəcə simtomlarla işləmək kifayət deyildir, eyni zamanda emosional qıcıqlandırıcılar, stress, narahatlıq, təşviş, qorxu, kədər və digər neqativ duyğuların aradan qaldırılmasına xüsusi diqqət ayrılmalıdır. Terapiya zamanı məhz psixoloq bu xüsusiyyətlərlə məşğul olur, həmçinin pasientə kompulsiv yemə ilə mübarizə aparmağı, sağlam olmayan qida vərdişi ilə sağlam qidalanmanı əvəzləməyi, stressi düzgün idarə etməyi başa salır və bununla bağlı istiqamətləri müəyyənləşdirir.
Psixoloq Rahidə Şahverdiyeva
Tags: Psixoloq Rahidə Şahverdiyeva psixoloq dəstıyi humel psixologiya mərkəzi psixologiya merkezi psixoloji merkez humel psixologiya merkezi bulimiya bulimiya nədir psixoloji problemlər
Write a comment