+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Ailə ilə birgə vaxt keçirtməyin övladınızın inkişafına təsiri

By Qərənfil Səmədzadə - 5 Feb 2025 22 0 comments
Ailə ilə birgə vaxt keçirtməyin övladınızın inkişafına təsiri

 

Ailə ilə birgə vaxt keçirmək uşağın inkişafında mühüm rol oynayır. Valideynlərin uşaqları ilə keçirdikləri zaman onların özünə inamını artırır və onlara dəyər verildiyini hiss etdirir. Xüsusilə, ilk beş yaşda ailə ilə emosional vaxt keçirmək uşaqların mərkəzi sinir sisteminin inkişafına müsbət təsir göstərir. 

Ailədə valideynlərlə ünsiyyət uşağın sosiallaşmasına və şəxsiyyət kimi formalaşmasına təsir edən fundamental amillərdəndir. Uşaq ailədə qazandığı dəyərləri və davranışları bütün həyatı boyu daşıyır. 

Hər yaş mərhələsində uşağa fərdi diqqət ayırmaq, onun duyğularını və maraqlarını nəzərə almaq əsasdır. Uşaqlarınızla vaxt keçirmək təkcə onların inkişafına deyil, həm də ailə daxilində sevgi və bağlılıq hissini möhkəmləndirməyə kömək edəcək. Ailə ilə birgə vaxt keçirmək uşağın inkişafına müxtəlif yaş dövrlərində fərqli yollarla təsir edir. Hər yaş mərhələsində ailənin dəstəyi və ünsiyyəti uşağın fiziki, psixoloji və sosial inkişafı üçün əhəmiyyətlidir:

1. (0-2 yaş):

Körpələr bu dövrdə əsasən valideynlərin sevgi və qayğısı ilə güvən hissini inkişaf etdirirlər. Ana və ata ilə yaxın fiziki təmas (qucaqlamaq, əzizləmək) onların emosional inkişafı və mərkəzi sinir sisteminin formalaşması üçün vacibdir. Sadə və aydın sözlərdən istifadə edərək körpə ilə danışmaq, nağıllar, şeirlər oxumaq kimi fəaliyyətlər dil və idrak bacarıqlarını inkişaf etdirir.

Həmçinin körpəni təmiz havada gəzdirmək və ətraf mühiti ona tanıtmaq, sensor oyunlar - müxtəlif səslər və toxumalarla tanış olmağa imkan verən oyunlar oynamaq (məsələn, yumşaq oyuncaqlar, musiqi alətləri) uşağın inkişafına müsbət təsir edir.

2. (2-6 yaş): 

Bu dövrdə uşaq ətraf aləmi öyrənir, sosial bacarıqlarını formalaşdırır və öz şəxsiyyətini kəşf etməyə başlayır. Ailə ilə birgə oyun oynamaq, kitab oxumaq və müxtəlif fəaliyyətlərdə iştirak etmək uşağın zehni və emosional inkişafına müsbət təsir edir. Rəsm və yaradıcılıq (boya, plastilin və kağızla yaradıcılıq fəaliyyətləri); hərəkətli oyunlar (top oyunları, musiqi ilə rəqs və s.); Kitab oxumaq (şəkilli kitablar və nağıllar); ilk biliklər (saymaq, rəngləri tanımaq, heyvanları və əşyaları öyrənmək üçün sadə oyunlar) kimi müxtəlif fəaliyyətlər uşağın zehni və fiziki bacarıqları gücləndirir, düzgün davranış modelləri öyrədir və yaradıcılıq qabiliyyətini artırır. 

3. (6-12 yaş):

Ev tapşırıqlarında kömək, ailəvi fəaliyyətlər, idman və hobbilər, gəzintilər, ekskursiyalar və oyun gecələri təşkil etmək, özünəxidmət bacarıqları (səliqəli olmaq, yatağını yığmaq, sadə işləri yerinə yetirmək və s.), ailə söhbətləri (duyğularını və fikirlərini paylaşmağa təşviq etmək)

Ailə ilə həyata keçirilən bu kimi fəaliyyətlər uşaqlarda məsuliyyət, müstəqillik, sosial bacarıqların  inkişaf etməsinə kömək edir.

4. (12-18 yaş):

Səmimi söhbətlər: (yeniyetmənin hisslərinə hörmətlə yanaşmaq, onunla müzakirələr aparmaq), birgə qərarlar (ailəvi məsələlərdə yeniyetmənin rəyini nəzərə almaq), maraq dairəsinə dəstək (onun maraqlandığı sahələrdə təşviq etmək (idman, musiqi, elm və s.), ailəvi tədbirlər (film gecələri, ailəvi səyahətlər təşkil etmək), dəyərlərin ötürülməsi (məsuliyyətli qərarlar qəbul etməyə yönləndirmək və etik dəyərlər aşılamaq)

Yeniyetmələr müstəqillik qazanmağa çalışsalar da, ailənin dəstəyi onlar üçün vacibdir. Ailə ilə vaxt keçirmək yeniyetmələrin stress və narahatlıqlarla daha yaxşı mübarizə aparmasına, özlərini dəyərli hiss etmələrinə, özünə inamlarını gücləndirməyə, müstəqil düşüncəni inkişaf etdirməyə və şəxsiyyətin formalaşmasına kömək edir.

Valideynlərin uşaqlarla hər yaş mərhələsində davamlı ünsiyyəti və birgə fəaliyyətləri onların hərtərəfli inkişafına ən böyük töhfəni verir. Ailə ilə vaxt keçirmək yalnız uşağın deyil, həm də ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Ümumilikdə, valideyn-övlad münasibəti uşağın hərtərəfli böyüməsini və inkişafını təmin edir. Bu, onların davranışlarının, şəxsiyyətlərinin və dəyərlərinin əsasını qoyur.

 

Psixoloq Qərənfil Səmədzadə

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!