Panik Atak

Panik atak nədir?

Qəflətən başlayan və sürətlə şiddətlənən, bir çox hallarda artan təhlükə hissi və ya hər an nə isə olacağı düşüncəsi ilə birgə yaşanan tutmaya bənzər haldır. Xaricdən gələn qıcıqlandırıcıların "Təhlükə” olaraq anlaşılması Panik Atak-ın yaranmasına başlanğıc verir. Bu zaman şəxs təhlükə olaraq dərk etdiyi qıcıqlardan ya qaçıb uzaqlaşmalı, ya da qalıb onlarla mübarizə aparmalıdır. Əgər onlardan uzaqlaşa bilməzsə və ya mövcud qıcıqların mənbəyini tapıb, onları aradan qaldıra bilməsə, bu zaman ciddi çətinliklərlə üzləşər.


Panik atak üçün DSM-IV diaqnoz meyarları:

Aşağıdakı əlamətlərdən ən az 4-ü olmalıdır.

1.Ürək döyüntülərinin artması (çırpıntı), ürək döyüntülərinin duyulması

2.Tərləmə

3.Titrəmə və ya sarsılma

4.Sinə ağrısı və ya sinədə sıxıntı hissinin olması

5.Nəfəsi kəsilməsi və ya ani tənginəfəslik

6.Boğulma hissi və ya nəfəs darlığı

7.Ürək bulanması və ya qarın ağrısı

8.Baş gicəllənməsi, hər an huşunu itirib yıxılacaqmış kimi hiss etmək

9.Derealizasiya və ya depersonalizasiya

10.Özünü nəzarəti itirmək və ya dəli olmaq qorxusu

11.Ölüm qorxusu

12.Paresteziyalar (uyuşma və ya qarışqalanma hissi)

13.Üşümək, ürpəşmək və ya istilik basması

Ataklar adətən gözlənilməz bir anda yaranır, təxminən 10 dəqiqə ərzində şiddətlənir, pik nöqtəyə çatır və 20 dəqiqə davam edir.

Panik atakın növləri hansılardır?

Atakın başlanğıcı və onu tətikləyən səbəblərin varlığı və ya yoxluğuna görə 3 fərqli panik atak növü mövcuddur.

1.Vəziyyətə bağlı panik ataklar- Atakı tətikləyən hər hansısa vəziyyətlə (məsələn it görmək, avtomobilin yüksək sürətlə hərəkəti və s.) qarşılaşan zaman və ya bu tip vəziyyətlə qarşılaşacağını düşündüyü zaman ortaya çıxan ataklardır

2.Müəyyən situasiyalarda olarkən yaranan ataklar- müəyyən bir tətikləyici ilə qarşılaşdığı zaman dərhal yaranır, lakin əksər hallarda içində olduğu situasiya ilə bağlı olmur. Məsələn: Uzun bir sırada dayanıb öz növbəsini gözləyərkən.

3.Gözlənilmədən yaranan panik ataklar- yaranarkən hər hansısa tətikləyici olmur və ataklar heç bir səbəb olmadan, ani olaraq yaranır.

Panik atakın yaranmasına səbəb olan somatik problemlər:

  • ·Qanda şəkərin miqdarının düşməsi
  • ·Tiroid vəzinin aşırı ya da çox zəif işləməsi
  • ·Bəzi infeksion xəstəliklər
  • ·Epilepsiya və bəzi nevropatoloji xəstəliklər
  • ·Böyrək üstü vəzdə müəyyən qüsurların olması
  • ·Ağciyər xəstəlikləri
  • ·Kortizol hormonunun yüksəlməsi

Panik atakın yaranma səbəbləri hansılardır?

Panik atak əksər hallarda səbəbsiz və ya hansısa qorxu hissindən sonra yaranır. Beyindəki seratonin azlığı da bəzən panik atakların yaranmasına səbəb ola bilər. Cəmiyyət içərisində panik atakın rastlanma sıxlığı 1.5-3% təşkil edir. Xəstələrin 3/4-nü qadınlar təşkil edir.

Panik atakın panik pozuntudan fərqi nədədir?

Panik atakın əlamətləri panik pozuntunun əlamətləri ilə demək olar ki, üs-üstə düşür. Hər ikisi də keçmişdə baş vermiş hər hansısa bir hadisə və ya problemin yaratdığı travma nəticəsində yaranır. Panik pozuntunun yaşanması üçün bəlli bir travmatik situasiyanın olmasına ehtiyyac yoxdur. Bu hal istənilən yerdə, istənilən zaman baş verə bilər. Panik atakların isə kökündə bəlli bir travma olur və bu travmadan sonra ataklar yaranmağa başlayır. Əgər panik ataklar yaşayan biri terapiya olunmazsa, bu ataklar tədricən 6 aydan sonra panik pozuntuya çevrilir.

Müalicəsi:

Panik atakın müalicəsində psixoterapevtik metodlar və dərman müalicəsindən istifadə olunur. Aparılan terapiyanın bir neçə məqsədi var:

·Atakların təkrar gələcəyi qorxusunu aradan qaldırmaq

·Panik atakları bitirmək

·Panik ataklarla birgə yaranan digər psixoloji problemləri sonlandırmaq


Klinik psixoloq: Vüsal Alquliyev


Bu yazı 387 dəfə oxunub




Panik Atak Panik Atak