Post-travmatik stress pozuntusu

Post-travmatik stress pozuntusu – qorxu, yüksək hiss və həyəcanla paralel olaraq yaşanan travmatik hadisələrdən sonra yaranır. PTSP şəxsin gündəlik həyatına və iş fəaliyyətinə ciddi şəkildə təsir edir. Aşağıdakı hallar bu pozuntunun yaranmasına səbəb ola bilər :

- Müharibə və müharibə zamanı baş verən güclü partlayışlar

- Qəflətən baş verən ağır təbii fəlakətlər (zəlzələ, qasırğa və s.)

- Təcavüz və işgəncə

- Avto qəzalar

- Uşaqlıqda cinsi istismara məruz qalmaq

Bənzəri hadisələrlə rastlaşan və ya sadəcə kənardan müşahidə edən şəxslər hadisə baş verən zamanı aşırı qorxduğunu, çarəsizlik və dəhşət duyğusu yaşadığını bildirir. Hadisənin şiddətli olması və şəxsin yaxınlığında baş verməsi PTSP-nun yaranma riskini daha da artırır.

   PTSP-u yaranandan sonra aşağıdakı simptomlar yaşanır :

- Yuxusuzluq

- Baş verən hadisə ilə bağlı kabusların görülməsi

- Flashback-lər və ya hadisə ilə bağlı xatirələrin qeyri-iradi xatırlanması

- Çox tez narahat olmaq və ya əsəbləşmək

- Gələcəklə bağlı planlar qurmaqda çətinlik çəkmək və ya bunu bacarmamaq

- Yadlaşmaq (başqaları məni və ya yaşadıqlarımı anlamır düşüncəsi)

- Baş vermiş hadisəni xatırlayan zaman narahat olmaq və bu kimi hallardan qaçmaq

Bu əlamətlər bir çox insanda travmatik hadisə baş verdiyi gündən etibarən yaranır. Çox nadir hallarda bəzi insanlarda bir neçə həftə sonra öz-özünə keçib gedir və şəxsin yaşadığı problem fərqli formada yaddaşa yazılır. Lakin bir çox insanda bu hal aylarla, hətta illərlə davam edir.

PTSP-nun müalicəsində psixoterapiya ilə yanaşı dərmanlardan da istifadə olunur. Travmadan sonra daha az zərər çəkmiş insana terapiya zamanı sadəcə PTSP-u haqda məlumat vermək kifayət edir. Lakin vəziyyəti daha ağır olan şəxslər üçün psixoloji terapiyalar zamanı xüsusi texnikalardan istifadə olunur.


Kliniki psixoloq: Vüsal Alquliyev



Bu yazı 636 dəfə oxunub




Post-travmatik stress pozuntusu Post-travmatik stress pozuntusu